Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov Rusiyanı 1:0 hesabı ilə yendikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib. 49 yaşlı mütəxəssis Sportnet.az-ın da suallarını cavablandıırıb...
- İki gün öncə 1:5 hesabı ilə uduzduğunuz ilk oyunla müqayisədə hansı fərqlər vardı?
- Çox böyük fərq vardı. Əsas fərq nizam-intizamın qaydasında olması idi. Futbolçular çox əzmkar idilər, qələbə istəyi onlarla çox idi. Mənə elə gəlir ki, bu oyun Rusiyadan üstün çıxış etdiyimizi göstərdi və layiqli qələbə qazandıq.
- Böyükhesablı məğlubiyyətdən sonra komandanı oyuna necə hazırladınız: Psixoloji cəhətdən çətin olmadı?
- Çətinlik ruh düşkünlüyünün olması ilə bağlıdır. Ən çox ehtiyat etdiyimiz məqam futbolçularımızın psixoloji cəhətdən sarsılmaları ilə əlaqədar idi. Çünki biz məşqçilər belə vəziyyətdən çıxa bilirik, ancaq futbolçulara belə nəticə pis təsir edir. Oyunun təhlilində futbolçulara başa saldıq ki, keçən matçda da epizodlarla pis oynamadılar. Böyükhesablı məğlubiyyətimizin səbəbi adi uşaq səhvləri idi. Nəticədə ruslar bizə 5 qol vurdu. Məncə, futbolçularımız bundan nəticə çıxardılar və bugünkü şanslarını dəyərləndirdilər.
- İlk hissədən sonra komanda tam ayılmamışdı. İkinci hissədə daha fəal görünürdülər...
- Mən deməzdim ki, ayılmamışdılar. Təbii ki, rəqib də güclüdür. Onlar da bizə oynamağa imkan vermirdilər və meydana qələbə əzmi ilə çıxmışdılar. Ən azından bu gün müdafiə xəttimiz daha etibarlı idi. Mənə elə gəlir ki, ilk oyundakı nəticə həyəcanla bağlı bir şey idi. Belə bir böyük stadionun təzyiqi futbolçuları tutdu. Birinci dəfədir Bakı Olimpiya Stadionunda oynayırdılar. Üstəlik, Rusiya kimi rəqibə qarşı. Oyuna valideynləri, qohumları, məktəb, sinif yoldaşları baxırdı. Futbolçularımız bir az o havada idilər, qeyri-adi nəsə göstərmək istəyirdilər. Buna görə də həmin matçda nizam-intizam yox idi. Hər bir futbolçu yaxınları, əzizlərinin gözünüzü qabağında özündən qeyri-adi bir şey yaratmaq istəyirdi. Biz bu stadionda daha çox oynamalıyıq ki, futbolçular həyəcanı üzərlərindən atsınlar.
- 1:5-dən sonra mütəxəssislər, hamı deyirdi ki, bu komanda final mərhələsində fiaskoya uğrayacaq. Bugünkü qələbədən sonra həmin fikirlər təkzib olunmuş sayılır?
- Mən ilk oyundakı nəticədən sonra da belə düşünmürdüm. Mütəxəssisin biri belə deyir, digəri futbolçusunun çağırılmadığını söyləyir. Hərənin öz fikri var. Anca təbii ki, mən bu gün milli komandamız üçün ən güclüləri seçirəm.
- Bugünkü oyunda komandada ötürmə problemləri və "ikinci mərtəbə”də kifayət qədər zəif çıxış etmələri müşahidə olundu. Bunun səbəbini nədə görürsünüz?
- Ümumiyyətlə, Azərbaycan futboluna "ikinci mərtəbə” problemi var. Bunu özünüz bilirsiniz, biz də yaxşı bilirik. Ötən oyunda gərəksiz olaraq çox uzun ötürmələr edirdilər. Bugünkü oyunda onlara başa salmışdım ki, uzun ötürmələrdən az istifadə edin.
- "Qarabağ”ın U-17 komandasının baş məşqçisi Samir Musayev sizdən şikayətlənir. O, mətbuata açıqlamasında bildirib ki, komandasında yığmaya layiqli olan futbolçular var, ancaq siz onları dəvət etmirsiniz. Bunlardan biri U-17 Liqasının bombardiri Ülıvi İbrahimovdur...
- Siz baxa bilərsiniz, mən onları bir neçə dəfə təlim-məşq toplanışına çağırmışam. Futbolçular haqda bir söz deyə bilmərəm. Yığmaya layiq olsaydılar, yəqin ki, burada olardılar. Onlar yaxşı futbolçulardır, ancaq biz milli komandaya daha layiqliləri seçirik.
- İlk oyunla müqayisədə qapıda dəyişiklik etdiniz. Murad Popovu əvəzləyən Kamran İbrahimov qol buraxmadı. Düşünmək olarmı ki, gələn oyunlarda İbrahimova bel bağlayacaqsınız?
- Qapıçı elə bir oyunçudur ki, şansını dəyərləndirir və öz yerini möhkəmlədir. Murad Popov bundan qabaq yaxşı oyunlar nümayiş etdirmişdi və bu üzdən əsas heyətdə idi. Bu gün İbrahimov yaxşı çıxış etdi və yəqin ki, gələn oyunlarda da əlinə düşən şansı dəyərləndirəcək.
- Bu iki oyundan sonra komanda Avropa çempionatına tam hazır görünür?
- Yox. Mən deməzdim ki, tam hazırdır. Bizdə bir-iki futbolçu var ki, onlar da sıralarımıza qoşulacaqlar. Ola bilər ki, 1-2 yeni futbolçunu Ukrayna ilə oyun öncəsi yenidən sınaqdan keçirdik. Demək olmaz ki, bu gün qalib gəldiksə, hər şey qaydasındadır. Mən baş məşqçi olaraq öz problemlərimi görür, bilirəm. Bunları final mərhələsinədək aradan qaldırmağa çalışacağam.
- Rusiyaya qarşı oynamayan türkiyəli futbolçular Ukrayna ilə matçlara gələcəklər?
- Onların öz çempionatlarında təxirə salınmış 4 oyunlarını ardıcıl salıblar. Turnir cədvəlində 1-ci yerdə gedirlər, pley-off mərhələsində çempionluğa oynayırlar. Onların rəhbərliyi ilə danışdıq. Xahiş etdilər ki, həmin futbolçuları budəfəki təlim-məşq toplanışına çağırmayaq. Biz də vacib oyunlarının olduğuna görə razılığa gəldik.
- Mətbuatda belə xəbərlə yaılmışdı ki, "Trabzonspor”la danışıqlar gedir və yığmamıza başqa futbolçular da dəvət olunacaq. Həqiqətən belə bir şey varmı?
- Mənim bundan xəbərim yoxdur. Futbolçuları mən seçirəm, mən dəvət edirəm. Ancaq siz dediyiniz şey yoxdur. Almaniyadan bir futbolçu var, əvvəl bizdə oynayıb, Türkiyədə təlim-məşq toplanışında olub. Onu sınaqdan keçirmək istəyirik. Çünki bir ara zədəsi oldu, çox oyunları buraxdı.
Mehman SÜLEYMANOV