"Zirə”nin ispaniyalı futbolçusu Luis Alberto Diez Azərbaycanda ilk dublunu rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi bunu Premyer Liqanın XXIII turunda "Neftçi” ilə ev oyununda (3:0) reallaşdırıb.
Özü də ispaniyalı legioner buna ikinci hissədə - 57-ci dəqiqədə meydana çıxdıqdan sonra nail olub. Beləliklə, o, "Zirə”də 4-cü qoluna imza atıb.
Tato kimi tanınan futbolçu artıq "Neftçi”nin qənimə çevrilir. Bu, onun "ağ-qaralar”a vurduğu artıq 3-cü qoldur. Əcnəbi futbolçu Əsgər Abdullayevin komandasını "Neftçi” ilə "Bakcell Arena”da 1:1 hesabı ilə nəticələnən matçda da cəzalandırıb. Fərq ondadır ki, Diez onda oyunun əvvəlində (4-cü dəqiqə), bu dəfə isə son dəqiqələrdən (88 və 90+3-cü dəqiqələrdə) fərqlənib. "Neftçi”nin qapısına cari mövsümdə bu qədər yol tapan futbolçu olmayıb. Ümumiyyətlə, bir komandaya 3 qol vurmaq milli çempionatda az müşahidə olunur. Tatonun salvadorlu komanda yoldaşı Nelson Bonilya isə "ağ-qaralar”a 2 qol vurub.
"Zirə”nin ispaniyalısının dublu bir neçə cəhətdən əlamətdar olub. Əvvəla, Tato son saniyələrdə vurduğu qolla komandasının Premyer Liqada ilk böyükhesablı qələbəsini reallaşdırıb. O, "Zirə”də Bonilyadan (bunu 2 dəfə edib) sonra dubl edən ikinci futbolçudur. Ən nəhayət, 5 dəqiqəyə 2 dəfə fərqlənən Diez ən qısa müddətli dubl edən futbolçu olub. Maraqlıdır ki, bunadək ən tez dubl müəllifi elə "Zirə”nin digər legioneri – Bonilya ("Zirə” – "Kəpəz” 2:2) idi.