
Ukrayna U-17 yığmasının baş məşqçisi Aleksandr Petrakov Azərbaycanla yoldaşlıq görüşündən sonra (2:0) brifinq keçirib. Ukraynalı mütəxəssis Sportnet.az-ın da suallarını cavablandırıb.
- Oyundan nə dərəcədə razı qaldınız?
- Oyun xoşuma gəldi. Yaxşı yığmanız var. Həmkarım Tərbriz Həsənovu artıq 5 ildir tanıyıram. Onun komandasına ilk dəfədir qalib gəlirəm. Əla bazaya, stadiona maliksiniz. Yaxşı ki, bizi bura dəvət etdiniz. Buna görə AFFA-ya çox minnətdaram.
- Azərbaycan yığmasında son oyunla müqayisədə hansı dəyişikliyi gördünüz?
- Yığmanız həmin şəkildə oynayır. Bilirsiniz, bu, gənclərin futboludur. Burada gözlənilməzliklər çoxdur. Azərbaycan millisi pis təsir bağışlamadı. Sadəcə, iki əks-hücumdan qol buraxdı. Biz daha çox müdafiədən oynayırdıq. Belə oyunlar məşqçilər üçün məlumat baxımından faydalıdır.
- İlk hissədə oyununuz yaxşı alınmadı...
- Fasiyədək heç oyunumuz alınmadı. Bizdə çempionat hələ də başlamayıb. Aprelin 13-də start götürəcəyindən, oyunlar sarıdan korluq çəkirik. Ukraynada U-19 liqası martın 13-də başlayacaq. Biz bura hazır olmadan gəlmişik. Rəsmi oyunlarımız çoxdandır yoxdur. Yaşıl ot örtüyündə oynamamışıq, sintetik meydançada çıxış edirik. Çünki Ukraynada havalar çox soyuqdur. Buna görə bura tez gəldik və bunda maraqlı idik. Yaşıl qazonda məşq edə bildik. Əlbəttə, bizim komanda da, futbolçuların ayaqları "ağırdır”. Ona görə top onlarda qalmır.
- Sizin komanda inamlı təsir bağışlayırdı...
- Yox. Komandam çox pis oynadı. Mənim fikrimcə, bu gün çox zəif çıxış etdik. Top bizdə qalmırdı, o qədər xətalarımız vardı ki...
- Bizə elə gəldi ki, Azərbaycan yığmasına qalib gələcəyinizi düşünərək özünüzə inamlı idiniz...
- Belə deyil. Dediyim kimi, Təbriz Həsənova ilk dəfədir qalib gəlirəm. O, məni Qazaxıstanda "Prezident Kuboku”nun finalında oyunsonrası penaltilərlə məğlub etmişdi. Göründüyü kimi, indi Təbriz Həsənovla eyni vəziyyətdəyik (gülür). Bildiyimə görə, sizdə bir neçə ön xətt oyunçusu yoxdur. Türkiyədə oynayırlar, yaxşı futbolçulardır. Onların yoxluğu hiss olunur.
- Yığmamızla iki gün sonra yenidən oynayacaqsınız. Onsuz da yorğun olan komandanıza qısa müddətdə ardıcıl oynamaq çətin olmayacaq ki?
- Başqa yolumuz yoxdur. Siz birbaşa final mərhələsində iştirak edəcəksiniz, bizi isə İngiltərədə hələ elit-raund oyunları gözləyir. 2014-cü ildə bu sınaqdan keçmişəm. Orada oyunlarımız martın 24-ü, 26-sı və 29-dur. Yəni demək olar ki, iki gündən birdir. Əsas məsələ odur ki, Azərbaycanla bu oyunlarla forma yığa biləcəyik. İndi mənim komandam 50 dəqiqəlikdir, hətta 60 dəqiqəyə "dartmır”. Məndə də heyət baxımından qıtlıq var. İki futbolçumuz zədəlidir.
- Ötən bazar Bakıda ilk yoxlama oyununda "Neftçi”yə 5:1 hesabı ilə qalib gəldiniz. Həmin matçı necə dəyərləndirərdiniz?
- Bu oyunu da Təbriz təşkil etmişdi, ona minnətdaram. Dərhal yığmanızla oyuna çıxsaydıq, bizə çətin olacaqdı.
- Bu qələbələrdən sonra elit-raundda məqsədinə çatacağını söyləmək olar?
- Belə deməzdim. Bizə orada elə çətin olacaq ki...Minskdəki turnirdə Finlandiya yığmasını görmüşəm. Əla komandadır. Deyirlər ki, onların çoxdandır belə yığması yox idi. Digər rəqibimiz Türkiyə yığması da güclüdür. İngiltərə isə yüksək səviyyəli yığmadır. Hamı qalib gəlmək istəyir.
- Hamı Bakıdakı final mərhələsinə gəlmək arzusundadır...
- (gülür) Razıyam. Mən isə Bakıya səfəri 1 il öncə razılaşdırmışam. Onda Təbriz Həsənovun komandasını Ukraynaya dəvət etdim. İndisə o, məni bura dəvət etdi. Buradan qayıtmaq arsuzu ilə gedəcəyik. Sizləri, prezidentinizi, ölkənizi yalnız alqışlamaq lazımdır. Halal olsun sizlərə. Biz belə gözəlliklər görməmişdik. Sonuncu dəfə Bakıda 25 il öncə olmuşdum.
- Onda hansı komandanın heyətində gəımişdiniz?
- Həmin vaxt birinci liqada "Kolos”da oynayırdım. Onda Bakıda olan vəziyyət indi Ukraynadadır. Hardasa 50 il geri düşmüşük. Yollar, otellər, gözəlliklər – mən başımı itirmişəm (gülür). Həmyerliniz Vadim Şevçenko dostumdur. O, sizdə oynayıb, məşqçi işləyib. "Dinamo”da oynadığım zamanı məşqçim olub. Onun böyük qardaşı tanınmış mütəxəssis Vitali Şevçenkodur, Rusiyada yaşayır.
- Matçdan sonra bir futbolçunuza irad bildirirdiniz. Nədən narazı idiniz?
- O, həmin epizodda "yatdı”, başqa qol vurmalı idi.
Mehman Süleymanov