Ağır oyun oldu və belə olacağını bilirdik. Amma mübarizə apardıq. buraxdığımız iki səhvdən qol yedik və çalışacağıq ki, səhvlərimiz üzərində işləyək və onları düzəldək". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XXIV turunda"Qarabağ"a səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Baş məşqçi bildirib ki, bugünkü səhvləri qarşıdakı oyunlarda buraxmaq olmaz: "Güclü komandada belə səhvlər olmamalıdır. Bizdə zədəli futbolçular da vardı. Bu səbəbdən, oyun üslubumuza sadiq qalaraq müdafiədən oynamağa çalışırdıq. "Qarabağ"ın çox qol imkanı olmadı. Sadəcə iki kobud səhvdən qol buraxdıq. Bəzi epizodlarda sürətli oynamağa çalışdıq. Bəzi anlarda oyunçuların ustalıq səviyyəsi, bəzilərində isə dəqiqlik çatmırdı. Bizim üçün lazım olan komanda yaratmaqdır və qismən də olsa işimizin öhdəsindən gəlirik".
Avrokuboklara vəsiqə şanslarına gəlincə, Şükürov əvvəldən də bu barədə düşünmədiklərini vurğulayıb: "Çalışırıq ki, futbolçuları hər bir oyuna kökləyək".