"Hakim səhvi hər yerdə var. Bizdə hakim səhvi olan kimi dərhal Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tənqid atəşinə tutulur. Təxminən bir neçə gündən sonra FİFA-nın 2016-2017 il üçün yeni Futbol Oyunu Qaydaları kitabını alacağıq və tərcümə olunub hakimlərə paylanılacaq". Sportnet.az-ın məlumatına görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Bu gün AFFA-nın İnzibati binasında keçirilən mətbuat konfransında X.Məmmədov hakimlikdə qərəz olmadığını bildirib: "Bu gün Azərbaycan futbol hakimliyində nə qərəz, nə sifariş, nə də rüşvət var. Buna başımla cavabdehəm. Bizə hakimlərin sayının azaldığını irad tuturlar. Biz 27-ə yaxın hakimi uzaqlaşdırmışıq. Bəzən səhvlər olur, ancaq bunlar bilərəkdən edilmir. İndi yaxşı hakimlərimiz var. Hətta Əliyar Ağayev UEFA-nın ən perspektivli gənc beş hakimin siyahısına daxildir. İlin əvvəlində hər bir klub sponsoruna qızıl medal, çempionluq söz verir. Mövsümün sonunda nə olur? Nəticə qazanmayanda hər şeyi hakimin üstünə atır. Deyir günahkar hakimdir. "Barselona" Nikola Ritsoliyə görə milyonlar itirdi. Bizdə nə olursa, Xaqaninin adını çəkirlər. Heç görmüsünüz ki, Pyerluici Kollinanın (UEFA Hakimlər Komitəsinin sədri - red.) adı çəkilsin?. "Qəbələ" belə obyektivdirsə, "Neftçi"nin əlehinə olanları niyə demirdi? Hanı onların vicdanı? O zaman niyə danışmadılar? Bəli, hakim səhvləri mənə minusdur. İndi Əliyar bir səhv edib, hamı düşür onun üstünə. Bir müddət əvvəl Əliyar avrokuboklarda olanda hamımız tərifləyirdik, indi belə olur? Bəlkə də bu mövsüm onun karyerasında ən uğursuz mövsümdür. Yarımfinal oyununu yaxşıların yaxşısı idarə edir. O, 74-cü dəqiqəyə qədər yaxşı idi. Ancaq bir səhvlə "minalı zona"ya düşdü".
Komitə sədri bəzi KİV-lərə iradını bildirib: "Bəzi KİV-lər qərəzli yazır, bəziləri müdafiə edirlər. Savadlı şərhlər verənlər, yazanlar var. Telekanallardan "Xəzər TV", "CBC Sport"u müsbət mənada fərqləndirirəm. Təklif edirəm ki, ayda bir dəfə jurnalistlərlə görüşək, futbol qaydalarından danışaq".