Sabah Azərbaycan kubokunda 2015/16 mövsümünün finalçıları müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, mayın 25-də keçiriləcək həlledici matçın iştirakçıların biri artıq məlumdur. Hər halda, ilk oyunda "İnter”ə səfərdə 4:0 hesabı ilə məğlub edən "Qarabağ”ın finala vəsiqə qazanacağı heç kimdə şübhə doğurmur. Sadəcə, məsələnin rəsmiləşməsi qalıb ki, bunun üçün də cavab matçını gözləmək lazımdır. Həmin oyun isə "Azərsun Arena"da yox, Masazır qəsəbəsindəki "Əlincə Arena"da keçiriləcək.
"İnter”in cari mövsümdə "Qarabağ"ı məğlub edə bilməməsi də qələbəsinə inam yaratmır. Özü də "bankirlər” finala çıxmaq ən azı 4 qol vurmalıdır. "Qarabağ” bu oyuna yüksək əhval-ruhiyyədə çıxacaq. Axı bu, komanda üçün çempionluqdan sonra ilk matç olacaq. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bir sıra əsas futbolçulara istirahət verəcəyi gözləniləndir. Ancaq bu olsa belə, çempionun daha çox ehtiyatda qalan futbolçularının "İnter”ə böyük hesabla uduzacaqları real görünmür.
Digər yarımfinal oyunu isə paytaxta yox, əyalətdə keçiriləcək və Qəbələdə matç böyük maraql gözlənilir. Bu, üçhissəli tamaşanın son pərdəsi olacaq. Çünki "Qəbələ” ilə "Neftçi” son 1 həftədə 3-cü dəfə görüşəcələr. Maraqlıdır ki, bunadək keçiriləcək hər 2 matç heç-heçə nəticələnib və sabahkı oyunda qalib mütləq müəyyənləşməlidir.
"Qəbələ” mövsümü titulla başa vurmaq, "Neftçi” isə Avropa Liqasına çıxmaq baxımından finala çıxmağa iddialıdır. Roman Qriqorçukun komandasının səfərdə qollu heç-heçə etməsi (1:1) şansını artırır. Məlumdur ki, "Qəbələ” evdə qolsuz bərabərlik edərsə, rəqib meydanında fərqlənə bildiyinə görə finala çıxacaq. Ancaq digər tərəfdən, "Neftçi” Qəbələdə qol (özü də 1 yox, 2) vura bildiyini ötən bazar göstərdi. Bu, komandalar arasında Premyer Liqanın 32-ci turunun 2:2 hesabı ilə nəticələnən matçı idi. Vəli Qasımovun yetirmələri kubokda da bu nəticəyə imza atarsa, finala vəsiqəni təmin edəcək. "Neftçi”nin həlledici oyuna çıxması ötən ilki finalı təkrarladacaq. "Ağ-qaralar” sabah yenidən meydana çıxacaqları Qəbələdəki kubokun həlledici matçında "Qarabağ”a uduzmuşdu – 1:3. "Qəbələ” isə Ağdam təmsilçisi ilə son illərdə kubokda tez-tez üzləşsə də, bu, adətən 1/4 finalda olub.
"Qəbələ”nin kapitanı Rəşad Sadiqov ilk oyunda qırmızı vərəqə aldığından keçmiş komandası ilə cavab matçını buraxacaq. Yarımfinal iştirakçıları arasında digər cəzalı futbolçu yoxdur. "Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi Erik Ramos cəzasını başa vurduğundan "Qəbələ” ilə təkrar matçda oynayacaq.
Azərbaycan kuboku, yarımfinal mərhələsi
Cavab oyunları
4 may
16:00. "Qəbələ" - "Neftçi"
Qəbələ. Şəhər stadionu
İlk oyun - 1:1
19:00. "Qarabağ" - "İnter"
Bakı. "Əlincə Arena"
İlk oyun - 4:0