AVRO-2016-nın 1/4 final oyunlarından öncə İstanbul hava limanında baş verən terror nəticəsində həlak olanların xatirəsinin yad olunması ilə bağlı 1 dəqiqəlik sükut olmayacaq. Sportnet.az-ın məlumatına görə, "Associated Press" İnformasiya Agentliyinin jurnalisti Rob Harris "Twitter"dəki şəxsi səhifəsində UEFA-ya istinadən bu barədə məlumat verib.
UEFA-dan bildiriblər ki, 1 dəqiqəlik sükut faciə iştirakçı ölkələrdən biri və ya ev sahibiylə birbaşa əlaqədə olanda edilir. Türkiyə yığması final mərhələsində iştirak etsə, qrupda qaldığından pley-offa vəsiqə qazana bilmədi. 1/4 final mərhələsində mübarizəyə sabah Polşa - Portuqaliya matçı ilə start veriləcək.
Xatırladaq ki, Atatürk adına beynəlxalq hava limanındakı terror nəticəsində 41 nəfər həlak olub, 230-dan çox insan yaralanıb.