Avrokuboklarda 21-ci mövsümə start götürdük. Hər şey bizim üçün qolsuzluqla başladı, darmadağınla bitdi. Əsas odur ki, başlanğıc bizim üçün uğurlu oldu. Hər halda, 3 oyunun heç birində uduzmadıq, 2-də qalib gəldik və cəmi 1 qol buraxdıq. Ancaq həmin səfər qolu bizə problemləm yaratmamalıdır. Çünki qələbəmiz 5:1 hesabı ilədir.
"Neftçi” ilə "Qələbə”yə görə çox rahatıq. Onların ilk oyunda qazandıqları inamlı qələbələrdən sonra mərhələ keçməmələri möcuzə olardı. Bunun üçün gərək cavab matçlarında 3-4 top fərqilə, böyük hesabla uduzasan. Rəqiblərin səviyyəsinin göz qabağında, qüvvələr nisbətində böyük fərqin olduğunu nəzərə alsaq, narahatçılığa əsas yoxdur. "Bu, futboldur, hər şey ola bilər” gəlməsini də qəbul etmirəm, etmək də istəmirəm. Çünki "Neftçi” ilə "Qəbələ” "Baltsan”la "Samtredia”dan aşkar güclüdür.
"Neftçi”nin qələbəsini standart, "Qəbələ”nin möhtəşəm adlandırardım. Standart ona görə ki, Vəli Qasımovun komandası hər 2 qolunu standart vəziyyətədn vurdu. Rəhman Hacıyev cərimə zərbəsindən, Ruslan Qurbanov penaltidən topu qapıdan keçirdi. Sevindirici hal odur ki, fərqlənənlərin hər ikisi millimizin üzvləridir.
"Qəbələ” isə həqiqətən möhtəşəm oynadı, möhtəşəm qələbə qazandı. Hər halda, hesab bunu belə söyləməyə əsas verir. Rəqibin zəif olması Roman Qrioqrçukun komandasının qalibiyyətinə qətiyyən kölgə salmamalıdır. Futbolda belə deyim var ki, rəqib sənə imkan verdiyi qədər oynaya bilirsən. "Qəbələ” isə "Samtredia” meydanda sadəcə, əl-qolunu bağladı, qarşısında diz çökdürdü, rəmzi olan göyərçin kimi göyə uçurtdu.
Əlbəttə, bu qələbə ümumi komandanın olsa da, əsas pay sahibi het-trik edən Teo Uiksdir. Lebiyalı yarımmüdafiəçi gələn legionerin necə fərqlənməli olduğunu göstərdi. Avrokuboklarda 3-cü het-trikimizin müəllifi Uiks əvvəl buna nail olan Badri Kvaratsxeliya ilə kamerunlu Ernest Nforla bağlılığı var. Təbii ki, "Neftçi”də oynamış Nfor da onun kimi afrikalıdır, o da gürcülərə Avropa Liqasında qol vurub. Fərq ondadır ki, Ernest "Çixura”ya səfərdə, Teo "Samtredia”ya evdə 3 qol vurub. İndi Uiks Nforun fərqləndiyi Zestafonidəki stadionda cavab matçına çıxacaq.
Badriylə bağlı maraqlı məqam odur ki, ilk het-trikimizin müəllifi milliyətcə gürcüdür. Sadəcə, milliləşdirilərək yığmamızda oynayıb, Azərbaycan vətəndaşlığını daşıyıb. Onun "Şəmkir”in heyətində "Skonto”ya Respublika stadionunda etdiyi het-triklə 4:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasında ilk dəfə mərhələ adlamışıq.
Uiksin Nfor və Kvaratsxeliyadan əsas üstünlüyü ondadır ki, sırf mərkəz hücumçusu deyil və ən əsası, debütündə het-trik etməyi bacarıb. Məncə, Teo belə templə davam etsə, nəinki "Qəbələ”yə, Azərbaycana gəlmiş ən yaxşı legionerərdən biri olacaq. Təki göz dəyməsin. Ümumiyyətlə, "Qəbələ”nin budəfəki legionerləri elə debütdə yaxşı oyunları ilə fərqləndilər. Fransalı hücumçu Baqali Dabonun cəld, çevik, texnikalı hücumçu kimi hələ çox fayda verəcəyini düşünürəm.
İndi avrokuboklarla bağlı yeganə narahatlığımız yalnız "Kəpəz”lə bağlıdır. Gəncə təmsilçisi 16 illik fasilədən sonra Avropaya qayıdışını qələbə ilə qeyd edə bilmədi. Düzdür, minimum vəzifəni yerinə yetirdi, evdə qol buraxmadı. Bu isə o deməkdir ki, Şahin Diniyevin komandası səfərdə istənilən qollu heç-heçə ilə mərhələ keçən tərəf olacaq. Ancaq "Daçiya”nın "Baltsan”, "Samtredia” kimi zəif olmadığını nəzərə almalıyıq. Üstəlik, "Kəpəz”də heyətlə bağlı problemləri, xətlər arasında əlaqənin istənilən səviyyədə olmamağı narahatçılığa əsas verir. İnanırıq ki, "Kəpəz” digər təmsilçilərimiz kimi uğurlu nəticə ilə bizləri sevindirəcək.
Mehman Süleymanov