"Planımız belə idi ki, 75-80-ci dəqiqəyə qədər müdafiə olunmalıydıq. Sona yaxın ikinci hissədə meydana daxil olan futbolçular lazım olan qolu vurmalı idilər. Lakin istəyimiz baş tutmadı”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in baş məşqçisi Şahin Diniyev Avstriya "Admira"sına 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis mübarizəni dayandırmaları ilə nəticələnən məğlubiyyətin səbəbini belə izah edib: "Əvvəldən də demişdim ki, qol buraxmamalıyıq. Fərdi səhvdən qapımızda qol gördük. Bu da acınacaqlı an idi. Həmin anda oyun bitdi. Sona yaxın qol vurmaq üçün çox çalışdıq. Azarkeşlərimizə ən azı 1 qol hədiyyə etmək istəyirdik. Sonda 6-7 qol epizodu yaxalasaq da, dəyərləndirə bilmədik”.
Təcrübəli mütəxəssis komandasının gələcəyinə inandığını vurğulayıb: "Avroliqa ilə vidalaşdıq. Həyat davam edir. İndiki "Kəpəz” daha güclüdür. Uğurlarımız qabaqdadır. "Kəpəz” hər gün inkişaf edir. İlk mərhələni keçəcəyimizə də əvvəldən inanmırdıq. Komandam başından yuxarı tulandı”.
Diniyev rəqibin şişirdilməyə layiq olduğunu qeyd edib: "Rəqib nə qədər imkan verirsə, o qədər oynayırıq. "Admira” şişirdiləsi komandadır. Çox təşkilatlanmış, güclü rəqibə qarşı oynadıq. Bu komandanın adını hələ çox eşidəcəksiniz”.
Baş məşqçi komandasında hansısa futbolçunu günahlandırmaq istəmədiyini vurğulayıb: "Uduzandan sonra hansısa futbolçunu günahlandırmaq istəməzdim. Əslində, günahı başqasının üstünə atıb, yaxamı kənara çəkə bilərəm. Amma "Kəpəz” bir ailədir. Razıyam ki, Ebah bu gün real qol şanslarını qaçırdı. Xüsusən də ilk epizodu dəyərləndirməli idi. Ümid edirəm ki, çempionatda o, ümidləri doğruldacaq”.
O, Avroliqada mümkün qədər irəli getməyə çalışdıqlarını söyləyib: "Rəhbərlik qarşımıza hər hansı tələb qoymamışdı. Bacardığımız qədər irəli getmək istəyirdik. Bəxtimizdən rəqiblərimiz də güclü idi. "Daçiya” və "Admira” zəif deyil”.