"Qarabağ" Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu Azərbaycan klubları üçün avrokubokda uğursuz gündə keçirəcək. Sportnet.az-ın məlumatına görə, Çexiyada "Viktoriya” klubu ilə matçın baş tutacağı iyulun 26-da klublarımız avrokuboklarda bir qayda olaraq uduzublar.
Bu azmış kimi, sabahkı tarixdə keçirilən 5 matçda cəmi 1 qol vurmuşuq. Buna "İnter"in braziliyalı sabiq hücumçusu Tades Şütz imza atıb. Yunanıstanda "Asteras"la heç-heçə ilə nəticələnən həmin yeganə 26 iyul qarşılaşmasında penaltilər seriyasında məğlub olmuşuq. Təmsilçilərimiz qalan 4 oyunda 90 dəqiqədə uduzublar.
Maraqlıdır ki, avrokuboklarda iyulun 26-da ilk matçımız məhz Çexiyada olub. "Şəmkir" ÇL-də ilk dəfə mərhələ adlayandan sonra Praqada "Slaviya"nın qonağı olub və 0:1 hesabı ilə uduzub. Bundan sonra "Neftçi" 2 dəfə 26 iyulda məğlubiyyət acısı dadıb. "Xəzər Lənkəran" da "İnter" kimi 4 il öncə Avroliqada cavab matçında meydanı məğlub tərk edib.
Tarixlə yanaşı, rəqib də bizim üçün uğursuz sayılır. Çünki indiyədək çexlərlə avrokuboklarda 3 dueldən "Şəmkir"lə yanaşı, "Qarabağ" və "Karvan" məğlub ayrılıb. Qurban Qurbanovun komandası sabah qalib gələrsə, həm bunu, həm də 26 iyulla bağlı uğursuz tilsimi qırmış olacaq.
Azərbaycan klublarının iyulun 26-da avrokuboklarda keçirdiyi oyunlar
2000/01 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
"Slaviya" (Çexiya) - "Şəmkir" - 1:0
2005/06 mövsünü
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
"Anderlext" (Belçika) - "Neftçi" - 5:0
2008/09 mövsümü
İntertoto kuboku, III mərhələ
Cavab oyunu
"Vaslui" (Rumıniya) - "Neftçi" - 2:0
2012/13 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
"Lex" (Polşa) - "Xəzər Lənkəran" - 1:0
"Asteras" (Yunanıstan) - "İnter" - 1:1 (penaltilərlə - 2:4)