Azərbaycan klubları üçün avrokuboklarda iyulun 28-i uğusuz tarix sayılır. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcəyi bu tarixdə qələbəmiz yoxdur. "Qırmızı-qaralar" Fransanın "Lill" klubunu sabah səfərdə məğlub edərsə, ilkə imza atmış olacaq.
28 iyul tarixində sonuncu matçımız da məhz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə olub. Onda "Qarabağ" Belçikada "Brügge"yə böyük hesabla uduzub - 1:4. Sabahkı günə təsadf edən digər səfər matçında da məğlubiyyətimiz olub. Bu, "Bakı" Avropa Liqasının əvvəlki adını daşıdığı UEFA kubokunda Slovakiyada "Jilina"ya 1:3 hesablı məğlubiyyətidir.
İyulun 28-də digər 2 oyunumuz isə evdə, Tofiq Bəhramov adına Respublika stadionunda olub. "Xəzər Lənkəran" Moldova "Nistru"suna öz meydanında da yenilərək (1:2) mübarizəni dayandırıb. 28 iyulda yalnız 1 dəfə uduzmamışıq ki, bu, Çempionlar Liqasının III təsnifat mərhələsində debütümüzdə olub. "Bakı" Sofiya "Levski" ilə həmin qarşılaşması qolsuz bərabərlikə nəticələnib.
Deməli, "Qəbələ" Fransada qalib gələrsə, həm bu ölkənin təmsilçisi üzərində ilk qələbəmizi gerçəkləşdirəcək, həm də "28 iyul tilsimi"ni qıracaq.
Azərbaycan klublarının avrokuboklarda iyulun 28-də keçirdiyi oyunlar
2005/06 mövsümü
UEFA kuboku, I mərhələ
Cavab oyunları
"Xəzər Lənkəran" - "Nistru" (Moldova) - 1:2
Qol: Samir Əliyev, 72
"Jilina" (Slovakiya) - "Bakı" - 3:1
Qol: Andrey Ştoltsers, 68
2009/10 mövsümü
Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyun
"Bakı" - "Levski" (Bolqarıstan) - 0:0
2011/12 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi
İlk oyun
"Brügge" (Belçika) - "Qarabağ" - 4:1
Qol: Rauf Əliyev, 62
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb