
"Anar Salmanov Premyer Liqaya qayıtsa, yaxşı olar"
"Hesab edirəm ki, Polşa toplanışı faydalı oldu. Mən rəsmi oyunlara təyinatımla əlaqədar hazırlıq prosesinin cəmi 10 gününə qatıla bildim". Bunu Sportnet.az-a azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib.
Ağayev həmkarlarının yeni mövsümə yaxşı hazırlaşdığını qeyd edib: "Hər kəs yaxşı hazırlaşırdı. Gözəl şərait və yüksək səviyyədə 2 meydança vardı. Çempionata hazırlıq mükəmməl səviyyədə keçirdi".
FİFA referisi ötən il I diviziona göndərilən digər FİFA referisi Anar Salmanov haqda da danışıb: "Anar bu toplanışda çox ciddi iştirak edir, hazırlaşırdı. O, yaxşı hakimdir. Premyer Liqaya qaytarılıb-qaytarılmaması isə bizim səlahiyyətimizdə deyil. Ancaq qayıtsa, yaxşı olar, heç bir problem olmaz. FİFA referimizdir və demək olar ki, ən yaxşı hakimlərimizdəndir".
Ötən həftə Çempionlar Liqasının II təsnifat mərhələsində Qazaxıstan "Aktobe"sinin Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə cavab görüşünü idarə edən Ağayev bu oyundakı idarəçiliyindən, Topaz Premyer Liqası və avrokubok oyunlarında hakim idarəçiliyinin fərqindən də söz açıb: "Əvvəlcədən bilirdim ki, kobud oyun olacaq. 75-ci dəqiqəyə qədər demək olar ki, meydançanın hər qarışı uğrunda mübarizə gedirdi. Artıq 75-ci dəqiqədə "Aktobe" qol vurduqdan sonra oyun bir az sakitləşdi. İlk oyunu da izləmişdik. Ümumilikdə bizim çempionatla avrokuboklarda oyun idarə etmək arasında elə də fərq yoxdur. Liqada hər iki ölkənin çempionları çıxış edir, amma bundan da yüksək səviyyəli oyunlar olub. Deməzdim ki, hansısa ciddi bir fərq var".
Sonda isə gənc referi klublarımızın avrokuboklardakı çıxışından danışıb: "Həm "Qarabağ", həm də "Neftçi"yə uğurlar arzulayıram. Ölkə xaricinə çıxdıqda, hər bir klubumuz bizim üçün doğma olur. Mən çox istərdim ki, iki klubumuz da yaxşı oyun göstərsin, növbəti mərhələyə keçsin. "İnter"in də şansı vardı, amma bəxt amili buna imkan vermədi. "Qəbələ" bir az əəccübləndirdi. Ən azı, bir mərhələ keçəcəklərini gözləyirdim. Yəqin ki, bunun da səbəbi təcrübəsizlik, komandada baş verən dəyişikliklər oldu".
Rövşən ƏHLİMANOĞLU