"Qəbələ" klubu Avropa Liqasının "pley-off" mərhələsində ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Sloveniyanın "Maribor" klubu olub.
"Bakcell Arena"nın təmirə bağlanması ilə əlaqədar "Dalğa Arena"da təşkil olunmuş qarşılaşma "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb. Hesabı oyunun əvvəllərində qonaqlar açsa da, meydan sahibləri fasiləyədək bərabərliyi Sergey Zenyovun qolu ilə təmin ediblər.
Fasilədən sonra meydan sahibləri Baqali Dabonun 3 dəqiqəyə "dubl"u sayəsində qələbəyə nail olublar. Cavab görüşü avqustun 25-də keçiriləcək.
Qeyd edək ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bunadək qitə turnirində ardıcıl olaraq Gürcüstanın "Samtredia" (5:1, 1:2), Macarıstanın MTK (2:1, 2:0) və Fransanın "Lill" klubunu (1:1, 1:0) mübarizədən kənarlaşdırıb. "Qəbələ" "Maribor" səddini keçəcəyi təqdirdə ikinci dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Avropa Liqası, "pley-off" mərhələsi, ilk oyun
21:00. "Qəbələ" – "Maribor" (Sloveniya) - 3:1
Qol: Sergey Zenyov, 37, Baqali Dabo,50; 52 - Markos Tavares, 17
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı. "Dalğa Arena" stadionu.