"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Gürcüstan mili komandasına növbəti dəvət alıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Vladimir Vayss Avropa Liqasında uğurlu çıxış edən 26 yaşlı yarımmüdafiəçini diqqətdən kənarda qoymayıb.
Kvekveskiri onun açıqladığı 28 nəfərlik siyahıda yer alıb.
Gürcüstan millisində "İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadzeni əvəzləyən Vayssın rəsmi debütü Avstriyaya qarşı olacaq. Belə ki, gürcülər 2018-ci il dünya çempionatının seçmə mərhələsində mübarizəyə sentyabrın 5-də Avstriya yığması ilə səfər oyunu ilə başlayacaq.
Milli komanda avqustun 29-da bir araya gələcək və Nika "Qəbələ"nin Avropa Liqasında pley-off mərhələsində "Maribor"la avqustun 25-də Sloveniyadakı cavab oyunundan sonra vətəninə yollanacaq.
Xatırladaq ki, Kvekveskiri "Qəbələ"yə keçən zamanı Vayss tərəfindən millinin yoldaşlıq görüşünə dəvət almışdı. O, 2015-ci ildən çağırıldığı yığmada 4 oyun keçirib.