Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyunda "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıb.
Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"dakı matç nominal meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Əl Hərbi Əl-Jadeyuinin zərbəsini qonaqların qapıçısı Krşevan Santini dəf etsə də, top müdafiəçi Jayro Rodrigesə dəyərək qapı xəttini keçib.
İkinci qol isə matçın 47-ci dəqiqəsində vurulub. Bu dəfə Mahir Mədətov adını tabloya yazdırıb. Üçüncü qol isə Əl Hərbi Əl-Jadeyuinin aktivinə yazılıb. Matçın qalan dəqiqələrində qapılara qol vurulmayıb və oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər qarşılaşmasında "Zirə" AZAL-ı 3:1 hesabı ilə məğlub edib. "İnter" isə "Kəpəz"lə sülh bağlayıb - 2:2.
"Qəbələ" - "Sumqayıt" matçı isə "qırmızı-qaralar"ın Peşəkar Futbol Liqasına müraciətindən sonra təxirə salınıb.
21 avqust (bazar)
20:00. "Qarabağ” – "Neftçi” - 3:0
Qollar: Jayro, 24 (Avtoqol). Mahir Mədətov, 47. Əl Hərbi Əl-Jadeuyi, 80
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Əlincə Arena” stadionu