"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin Rusiyanın "Lokomotiv" komandasına dönüşü qələbə ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, "Lokomotiv" çempionatın V tur matçında səfərdə "Krasnodar"ı yenib.
İlk qolu 41-ci dəqiqədə "dəmiryolçular"ın əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov vurub. Fasilədən sonra tərəflər hərəyə bir penalti ilə qol sayını artırıblar. 48-ci dəqiqədə Fyodor Smolov bərabərlik qolunu vurub. 56-cı dəqiqədə isə Esekyel Henti qələbə topunun müəllifi olub - 2:1.
Qeyd edək ki, "Lokomotiv" ardıcıl 4 heç-heçədən sonra qələbəyə nail olub. Bu, Yuri Syominin baş məşqçi karyerası ərzində müxtəlif komandalarda debüt matçında 8-ci qələbəsi olub. Bunlardan biri 2 avqust 2013-cü ildə "Qəbələ"nin səfərdə "Bakı"nı elə 2:1 hesabı ilə yendiyi görüşə təsadüf edib.