Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. "Qarabağ"ın baş məşqçisi da olan mütəxəssis Sportnet.az-ın da sualını cavablandırıb.
- Avroliqadan sonra İcraiyyə Komitəsinin iclasında iştirak sizi yormur?
- Yox. Belə iclaslar çox olmur. Bu, mənim üçün böyük təcrübədir. Azərbaycan futbolunun inkişafında yaxından iştirak etmək mənim üçün çox maraqlıdır. Bu, bizim işimiz, borcumuzdur.
- Avropa Liqasının qrupundakı rəqibləriniz haqda düşüncələriniz necədir? Növbəti mərhələyə vəsiqə qazanmaq mümkündürmü?
- Dəfələrlə deyirəm ki, hər bir turnirə düzgün hazırlaşmağı və qalib ayrılmağı düşünürük. Bugünə qədər olan Avroliqalara nəzər yetirsək, minimum vəzifəmiz qrupa düşmək idi. Şükürlər olsun ki, buna nail olduq. Son 2 ildə qrupda 2-ci yeri tutmağa böyük şansımız oldu. Hətta son oyunlarda nəticə bilindi. Bu il də ən yaxşısını, doğrusunu etməyə çalışacağıq. Get-gedə təcrübəmiz çoxalır və fərqli ölkələrin komandaları ilə düşməklə həmin çempionatların oyun üslubunu öyrənir, rəqibləri daha yaxından tanıyırıq. Qrup mərhələsinə inamla qatılıb hər bri komandaya qarşı inamla oynayacağıq. Bu, hər bir oyunda ən azından sərfəli nəticə əldə etmək üçündür. Sonda qrupdan çıxmaq üçün lazım olan yeri əldə etməyə çalışacağıq.
- Bəs "Qəbələ"nin rəqiblərini necə dəyələrləndirərdiniz? Bunlardan "Anderlext"lə "Sent-Etyen" sizə yaxşı tanışdır...
- Qrupda zəif komanda olmur. Rəqiblər bizim üzərimizdə qalib gəlməyi daha tez düşünürlər. Elə də asan rəqiblər deyillər. Onlara qarşı oynamışıq, nə qədər çətinliklər çəkmişik. Bilirik ki, asan deyil. Ancaq "Qəbələ"yə inanmaq, güvənmək lazımdır. Düşünürəm ki, Roman Qriqorçuk bu komanadalar üzərində qələbə qazanmaq üçün ən doğrusunu etməyə çalışacaq. İkinci ildir qrupda ardıcıl iştirak edir. Çətindir, ancaq nəticə gölzəməliyik.
- Sizin də rəqiblərdən PAOK Roman Qriqorçuka tanışdır. Ola bilərmi, ukraynalı həmkarlanızla masa ətrafında oturub rəqiblər haqda fikir mübadiləsi aparasınız?
- Yox, düşünmürəm. Ehtiyac yoxdur. İndi texnologiya elə inkişaf edib ki, heç bir komandanı yaxından tanımaqda problem yoxdur. Digər tərəfdən, ildən-ilə komandalar, oyunlar, oyun sistemi dəyişir. Buna görə bir-birimizi aldatmış olarıq. Məsələni öz üzərimizə buraxsaq, daha doğru olar.
- Millimizin San-Marino ilə qarşıdakı oyunundan nə gözləmək olar?
- Qələbəni həmişə gözləmək lazımdır.