"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasına (U-19) yeni baş məşqçi təyin olub. Bu haqda Sportnet.az-a məlumat verən U-19-un sabiq baş məşqçisi Hüseynqulu Quliyev xələfinin Emin İmaməliyev olduğunu bildirib. O, təyinatın bu gün həyata keçirildiyini bildirib.
İmaməliyev "Qəbələ" Futbol Akademiyasında çalışdığı son 2 ildə U-17 komandasında işləyib. O, əvvəlcə məşqçi, sonra baş məşqçi olub. Ramin Quliyevin köməkçisi olduğu vaxtda "qızıl dubl"a imza atan 36 yaşlı mütəxəssis özü baş məşqçi olanda çempionatın gümüş medalını qazanıb. "Qəbələ" U-17-də baş məşqçi postu isə U-16-nı ötən mövsüm çempion edən Yaşar Abuzərova tapşırılıb.
Məlum olduğu kimi, "Qəbələ" U-19 komandası UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək. Bu gün atılan püşkün nəticəsinə əsasən rəqib Moskva "Dinamo"sudur. "Qırmızı-qaralar" bu turnirdə cari mövsümdən əvəzedici komandanın baş məşqçisi olan Hüseynqulu Quliyevin rəhbərliyi altında çıxış edəcək. Həmsöhbətimiz bu məsələyə aydınlıq gətirib: "UEFA Gənclər Liqaısnda çıxış edəcək 1998-ci il təvəllüdlü qrup ötən mövsüm U-19-da çıxış edib. İndi həmin yaş qrupundakı bütün futbolçular əvəzedici heyətə gəliblər və bu komandada rəhbərliyim altında oynayırlar. Yəni onlar müxtəlif komandalarda olsalar da, 2-ci ildir rəhbərliyim altındadırlar. UEFA Gənclər Liqasına əvəzedici komandada köməkçim olan Elmar Baxşıyevlə birgə hazırlaşacağıq".
Qeyd edək ki, əvəzedicilərdən fərqli U-19-da yeni çempionat hələ başlamayıb.