1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın ağır yükü
Vüqar MƏMMƏDOV
İki səbəbə görə "Qarabağ”ın bu oyundan sərfəli nəticə ilə ayrılacağına inanırdım. Bunun biri oyundankənar amillə bağlı idi. PAOK-un prezidenti komandamızla oyunlarda 6 xalı hədəflədiklərini demişdi. Bu cür çıxışı eşitdikdən sonra aydın idi ki, "Qarabağ” oyuna daha ciddi hazırlaşacaq. Həmin prezidentin bizə bu cür yanaşmasın cavablandırmaq üçün...
Sərfəli nəticəyə inandığım ikinci amil oyunla bağlı idi. Oyundan öncə heyətə baxanda Rəşad Sadıqovla Bədavi Hüseynovu start heyətində görüncə, komandamızın ən azı, qol buraxmayacağına əmin oldum və çox rahat şəkildə baxmağa başladım. Ekranda "Qarabağ”ın heyətin göstərəndə PAOK-un, PAOK-un heyətini göstərəndə "Qarabağ”ın heyətin səsləndirən teleşərhçilərin "çətin oyun olacaq”, "Reynaldonun yeri görünür" və s. kimi narahatedici şərhlərini görüb, televizorun səsini tam kəsib, oyunu izlədim. Ona görə də şərhçilik barədə bir şey yaza bilməyəcəyəm.
Taktikaya gəlincə, bu dəfə "Qarabağ”ın ənənəvi, "Barsa"sayağı topla daim oynayaraq, hücuma getdiyini görmədik. Komandamız rəqibə yaxına gəlməyə imkan verib, özlərinə çəkərək onları azlıqda yaxalamaqla qol vurmaq tipli bir oyun sərgiləyirdi. Görünür, məşqçilər rəqibi ciddi analiz edib və nəticəyə əsasən deyə bilərik ki, düzgün taktikanı seçmişdilər.
Oyunçuların ayrı-ayrılıqda çıxışlarına gəlincə, Dino Ndlovu hələ də ansambla uyuşmur. Amma yaxşı oyunçudur. Sürətinə əsasən demək olar ki, əla əks-hücum silahıdır.
Dani Kintana həmişəki kimi hərəkətli idi və və daim meydanın müxtəlif yerlərində özünü təqdim edir, topu götürüb bir xeyli driblinq edərək komandasına fayda verməyə çalışırdı.
İkinci qolu vuran Rahid Əmirquliyev dünən bir qədər öndə hücumameylli yarımmüdafiəçi kimi kimi oynayırdı. Ümumiyyətlə, Rahid əvvəllər - "Şahdağ”da şıxış edərkən də bu mövqedə yer alıb. Həm yaxşı oynayırdı, həm də əla qol duyumu var idi. Elə indi də var...
Ağasəlim Mircavadov onu "Xəzər-Lənkəran”a aparandan sonra bir qədər geri çəkdi. Rahid "Fiorentina” ilə İtaliyadakı oyunda fəal olsa da, ansambla hələ tam uyğunlaşmadığı görünürdü. Dünənki matçda isə xeyli irəliləyişə nail olduğu görünürdü.
Rəşadla Bədavi bir yerdə olanda məndə həmin müdafiənin keçilməzliyinə əminlik yaranır. Bu, psixoloji rahatlıq gətirir, yəqin ki, təkcə mənə yox, bütün komandaya da... Kapitan oyundan sonra deyir ki, ağır yükü çiynimizə götürdük. Rəşadın müraciət forması ilə desək, hansı yükü çiyninizə götürmüsünüz, nə ağırlığı var bu yükün? Az qala dünyanın yarısına qarşı oynamısan, sən belə danışandan sonra o birilərindən nə gözləyək? Sənin komandanın iki il əvvəl başa-baş oynadığı, hakimin səhvi nəticəsində yerininizi tutub qrupdan çıxan"Dnepr” finala qədər gedə bildi. Sizin nəyiniz əksikdir? "Qarabağ” bu qrupun ən güclüsüdür. Mən keçirdiyi üç oyuna əsasən bunu deyirəm. Fiorentina? Siz italyanlarla oyunda qırmızı vərəqəyədək olan vaxta baxın. Görün, səfərdə oynayan "Qarabağ” rəqibindən zəif idi, yoxsa güclü?!
Hesabda irəlidə olarkən, üstünlüyü sonadək qorumaq üçün əvəzetmə zamanı, adətən, meydana təcrübəli oyunçuları buraxırlar. Bu baxımdan, mən Vüqar Nadirovun meydana çıxacağını gözləyirdim. Amma Qurban Qurbanov gənc Mahir Mədətovu meydana buraxdı. Mahir də pis oynamadı. Amma təcrübəsizliyi görünürdü. Bir epizodda Mahir qapıçını aldatdı, amma topu boş qapıya və ya cərimə meydanına göndərmək əvəzinə ayağında ləngitdi. Nəticədə qapıçı yerini aldı. Amma belə gənc oyunçunun bu cür yarışda meydana çıxması özü böyük uğurdur.
Qurban Qurbanovun birinci qola reaksiyasına fikir verdim. Əsl sərkərdə təsiri bağışlayırdı. İstərdim ki, azərbaycanlı siması dünyaya bu cür tanınsın. Mərd, zəhmli, dürüst, ədalətli, xarizmatik görünüşlü.
"Qarabağ" PAOK-a səfərdə daha rahat qalib gələ bilər. Möhkəm müdafiəmiz, irəlidə isə Ndlovu kimi özünü təsdiqləmək üçün alışıb-yanan əks hücum silahımız var. Yetər ki, bu komandada hamı bir nöqtəyə vursun.
"Qarabağ” qrupdan çıxmaq istəyirsə, qarşıdakı və keçmiş oyunların ciddi statistik analizini aparmalıdır. Bu, "pley-off" deyil. "Pley-off"da iki oyunun nəticəsinə görə qərar verməlisən. Burada əsas prinsip belədir ki, ilk oyunu səfərdə oynayırsansa, qol vurmalısan, evdə oynayırsansa, buraxmamalısan. Qrupda isə hər oyundan sonra analiz aparmalısan və lazımi düzgün gedişləri etməlisən.
"Qarabağ”ın növbəti görüşlərindən ikisi səfərdə, biri isə evdə olacaq. Məncə, komandamız rəqiblərini düzgün analiz etsə, hər üç görüşdə qalib gələ bilər. Bunu mən havadan yox, "Qarabağ”ın güclü heyəti və baş məşqçisinə əsasən deyirəm.