"Neftçi"nin braziliyalı legioneri Jayro Rodriges Azərbaycan Premyer Liqasında "Qarabağ"la oyundan sonra müsahibə verib. 0:2 hesabı ilə uduzduqları matçda avtoqol edən müdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Bu dəfə "Qarabağ"a məğlub oldunuz. Səbəb nə idi?
- Hamı bilir ki, rəqibimiz hər bir komponentdə güclü idi. Onlara qarşı layiqli mübarizə aparmaq, meydanı xalla tərk etmək üçün əlimizdən gələni etdik. Ancaq bunu bacara bilmədik. Bir daha azarkeşlərimizdən üzr istəyirəm. Onlar haqlı olaraq bizdən nəticə tələb edirlər. Ancaq biz bunu verə bilmərik. Buna görə azarkeşlərimizə haqq qazandırıram. Şəxsən özümlə bağlı onu deyə bilərəm ki, nəyim vardısa, meydançada qoydum.
- Bu oyunun antiqəhrəmanı idin. Razısan?
- Bu, sizin fikrinizdir. Mən hər fikrə hörmətlə yanaşıram. Ancaq hərənin fikri özündə qalsın.
- Bunu sırf avtoqola görə deyirəm...
- Futbolda belə hallar baş verə bilər.
- "Qarabağ"la ilk dövrədəki oyunda da bunu etmişdin...
- Nə cavab verim? Məgər istəmişəm ki, "Qarabağ"la oyunda bunu təkrarlayım? Mənə xoş olub ki, yenə öz qapıma qol vurum? Nə deyim sizə?
- "Neftçi"də mütəmadi dəyişikliklər baş verir. Bu, həm baş məşqçi postunda olur, həm də heyətdə rotasiya edilir. Bunlar komandanı bataqlıqdan çıxarmaq üçündür. Ancaq hər şey əksinə olur. Bu bəradə nə fikirləşirsən? Problem nədədir?
- İnanın ki, hər məğlub olduğmuz oyundan sonra əvvəlkindən daha çox işləyirik. Ciddi məşqlər gedir. Hr şey edirik ki, nəticə olsun. Dəyişikliklər vəziyyətin yaxşılığa doğru olması üçün edilir. "Qarabağ"la matçda da nəticə üçün əlimizdən gələnin artığını etdik. Ancaq vaş verənləri anlaya bilmirəm. Futbolda belə uğursuzluqlar olur. Ancaq səbənini bilmirəm.
- "Kəpəz"lə oyundakı qələbədən sonra bildirmişdin ki, "qara zolaq"dan çıxmaq üçün bu qələbəni gözləyirdik. Ancaq göründüyü kimi, belə olmadı, məğlubiyyətləri yenə sıralamağa başlamısınız...
- Düzdür. Elə şey demişəm, sözümdən çəkinmirəm. Biz hər oyunda meydana qələbə üçün çıxırıq. Elə bir futbolçumuz yoxdur ki, meydana xal itirməyə, yaxud məğlub olmaq üçün çıxdığımızı söyləsin. Çox vacib olan qələbə üçün çıxmışdıq. Ancaq nəticənin niyə belə olduğu sualına cavab veə bilmirəm.
- Azarkeşlər stadiona komandanı dəstəkləməyə görə yox, istefaya səsləmək üçün gəlirlər. Sanki demək istəyirlər ki, legionerlər, çıxın gedin burdan. Bu, nə vaxtadək belə davam edəcək?
- Əlbəttə, azarkeşlər haqlıdırlar. Onlar bugünkü gündə "Neftçi" ilə yaşayırlar. Hər dəfə öyrəşiblər ki, "Neftçi" yaxşı nəticə qazanan komanda olub. Ancaq bunu verə bilmərik. Ona görə də nə deyirlərsə, haqlıdırlar. Mən onlara haqq qazandırıram. Məğlubiyyətə görə çox üzülürəm. Heç bir bir məğlubiyyətdən sonra sevinməmişəm, evdən kənara çıxmıram. Bu gün də elə olacaq. İnanıram ki, yata bilməyəcəyəm. Çünki məğlub olmuşuq. Hər oyunda daha yaxşı həvəslə oynamaq üçün əlimdən gələni edirəm. Heç kəs deyə bilməz ki, Jayro həvəssiz oynayır. Ancaq nəticə alınmır.
- Komanda yoldaşın Katalin Tiranı azarkeşi vurduğuna görə qınayırsanmı?
- Tira haqlı deyildi, düz eləməyib. Hətta içəridə bunu vurğuladım. Ancaq heç kim azarkeşə də haqq vermir ki, meydançaya çıxıb futbolçunun üzərinə belə cumsun. Hamı görür ki, hər futbolçu gərginlikdə yaşayır, çünki hər dəqiqə məğlub oluruq. Tira istər-istəməz "partladı". Heç birinə haqq qazandırmıram.