"Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının X turunda AZAL-la səfər oyunundan (1:0) sonra müsahibə verib. Sportnet.az-ın oyunda əməkdaşının məlumatına görə, matçda kapitan olan təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda fikirlərini bildirərdin...
- Çempionatın ən çətin matçlarından birinə çıxmışdıq. "AZAL Arena"da qazonun bizə oynamağa imkan verməyəcəyini bilirdik. Onu da bilirdik ki, rəqib aqressiv futbol oynayır. Çünki ilk dövrədə böyük hesabla qalib gəlməyimiz onlara təsir etmişdi. Oyunumuzda çox şey alınmırdı. Dani ustalıq səviyyəsini nümayiş etdirərək Muaremə məhsuldar ötürmə verdi. O da bunu qola çevirməyi bacardı. Hesabda önə keçdikdən sonra bir qədər sakit oynadıq, tələsmədik. Bu da öz oyunumuz idi.
- İlk dövrədə AZAL-ı 6:0 hesabı ilə məğlub etsəniz də, bu gün qələbəni çətinliklə əldə etdiniz..
- Onda AZAL-a qarşı başqa heyətlə oynayırdıq. Bundan əlavə, matç yaxşı ot örtüyündə keçirilmişdi. Rəqib bəzi məqamlarda çox aqressiv, çirkin futbol oynadığından özümüzü qorumağa çalışırdıq. Çünki qarşıda vacib oyunlarımız var.
- Komandanız PAOK-la Avropa Liqasında səfər oyununa nə dərəcədə hazırdır?
- Sabahdan bu matça başlayacağıq. Komandamızda əhval-ruhiyyə yaxşıdır. Zədəlilərimiz - Reynaldo Silva ilə Migel Madera da qayıdır. Düzdür, Rəşad Sadıqovun durumu sual altındadır. İnanıram ki, kapitanımız da oynayacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, Salonikidəki matça tam hazır olacağıq.
- Bakıda PAOK üzərində qazandığınız qələbə sizdə arxayınlıq yaradır?
- Rəqib evdə, doğma azarkeşləri qarşısında oynayacaq. Bu üzdən meydana daha inamla çıxacaqlar. Bakıda qələbəmizə baxmayaraq, bu oyuna daha da yaxşı hazırlaşmalyıq. Bizi Yunanıstanda bəzi sürprizlər də gözləyə bilər. Həmin qarşılaşma bizim üçün vacibdir. Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik.
- Həmin oyunun həlledici olduğunu demək olarmı?
- Həlledici olmasa da, böyük rol oynayır. Çox vacib matçdır. Riyazi hesablama ilə hər şey dəyişə bilər. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Yunan azarkeşlərin çılğın olması oyunuza mənfi təsir edə bilər?
- Buna inanmıram. Böyük klubların azarkeşlərini də görmüşük. Məsələn, Dortmundda "Borussiya"a qarşı oynamışıq. Ona görə də artıq azarkeşlər bizi qorxutmur. Salonikidə özümüzü Bakıdakı kimi hiss etməyə çalışacağıq. Hesab edirəm kİ, səfərdə 1 xal da bizim üçün uğurlu nəticə sayılacaq.