Azərbaycan milli komandasının və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqovun Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Bir müddətdir zədədən əziyyət çəkirsən. Bu səni bezdirmir?
- Düzü, ən zəif cəhətim zədələnəndə müalicə müddətinə heç vaxt riayət etməməyimdir. Bu da mənim ən böyük problemimdir. İnsan zədələnəndə, xəstələnəndə buna müalicə müddətinə riayət etməlidir. Amma mən 3-5 gündən sonra yaxşı olduğumu demişəm. Belimdən zədələnəndə həkimlər dedi 2 ay dayanmaq lazımdır. Həkimlərdən 10 günə qaça biləcəyimi soruşdum. Həkimlər qaça biləcəyimi, amma bunun xroniki hal alacağını dedi. Mən də cavabında problemin olmadığını, iynə vurmalarını istədim. Sonra neçə illər belimdən əziyyət çəkdim, ancaq indi yaxşıyam. İndiki zədəm çox ciddi deyil. Sadəcə, Norveçlə oyunu buraxmaq lazım idi. Həkimlərlə danışdım. Mənim oynaya biləcəyimi, ağrıya dözə biləcəyimi soruşdular, mən də "hə" dedim. Belə davam etdi. Bir aydır eyni zədə əziyyət verir. Həkimlər sağalmaq üçün 3 həftə oynamamağımı istəyir, amma o qədər vaxtım yoxdur. Son zamanlar zədələnmirdim. Ancaq son məşqlərin birində yenidən zədə aldım. Təəssüflər olsun ki, belə alındı. Norveçlə oyun olduğu üçün dayana bilmədim. Çexiya ilə oyun, PAOK-la vacib oyun, bunları necə buraxım? Oynadım, yenidən pisləşdim, müalicə olundum. PAOK-la səfər oyunundan sonra pisləşmədi. Hətta Qurba Qurbanovla da söhbət etdik. Qərar qəbul etdik ki, oynamayım, millinin oyununa yaxşı formada çıxım. O da elə alındı ki, məşqdə yenidən eyni yerdən zədə aldım.
- Demək olar ki, milli komandanın yarısı "Qarabağ"ın futbolçularından ibarətdir. Düşünmək olarmı ki, artıq komanda sənin yoxluğuna uyğunlaşıb, yoxsa hələ yox?
- Əslində mən belə hesab etmirəm. Mənsiz də qaydasında oynayırlar. Daim komandanın yanındayam, çox uzaqda olmuram. Həm milli, həm də "Qarabağ"da saf, mehriban kollektiv var. Danışır, dərdləşirik. Kiminsə oynayıb-oynamamasının fərqi yoxdur. Çalışıram ki, həmişə komandanın yanında olum. Meydanda da mən yoxam, məni layiqincə əvəz edəcək oyunçular var. Əvvəl heç oyunçu yox idi. Amma indi Maksim Medvedev, Bədavi Hüseynov, Ruslan Abışov var.
- Maksim Medvedev mərkəz müdafiəçisi deyil. Bədavi Hüseynov oynayır, amma baş məşqçi Ruslan Abışovu oynatmır...
- Özünüz də fikir verirsinizsə, son zamanlar millidə Maksim mərkəz müdafiəçisi kimi oynayır. Hətta "Qarabağ"da da o mövqedə oynayır. O, universal futbolçudur. İnanıram ki, heç bir problem olmayacaq.
- Şimali İrlandiya ilə əvvəllər keçirilmiş 4 oyunun 3-də uduzmamışıq. Biz nəyə görə bu komandadan ehtiyat etməliyik?
- Bu, futboldur. Məsələn, "Tottenhem" səfərdə "Monako"ya 3-4 top vurur, amma bu il "Monako" gəlib səfərdə qələbə qazanır. Söhbət bir ildə "Monako"nun inkişafından gedir. Şimali İrlandiya da çox inkişaf edib. Son Avropa çempionatı da onların necə güclü olduqlarını göstərdi. San Marinonu udublar, Çexiya ilə səfərdə heç-heçə ediblər və Almaniyaya uduzublar. Yetərincə oyuna baxmışıq. İndi sırf zəif rəqib yoxdur. Ümumiyyətlə, futbolda elə rəqib yoxdur. Onların üzvləri İngiltərə, Şotlandiya klublarında, Avropa çempionatında çıxış edirlər.
- Səfərdə Şimali İrlandiya ilə 1:1 oynadığınız oyunun videoyazısına baxmısınız?
- Düzü yox. Həmin oyunu götürsək, rəqibin çoxlu sayda qol epizodları vardı. Bunları da nəzərə almaq lazımdır.
- Qapıda da Kamran Ağayev yox idi. Bəlkə Kamran olsa, başqa cür olardı?
- Əslində o oyunda Səlahət Ağayev də pis durmadı.
- Bəli, amma həlledici anlar olur...
- Ümid edək ki, Kamran bu oyunda karyerasının ən uğurlu oyunlarından birini keçirəcək. Kamranı, eləcə də digər futbolçuları yükləmək düzgün deyil. Ancaq ümid etməliyik ki, hər kəs karyerasının ən yaxşı oyununu sərgiləsin.
- Məni sadəcə millinin nəticələri düşündürür. Bu gün "Qarabağ"ın 8 futbolçusu milliyə çağırılıb. İki nəfər "Qəbələ"dən, bir də Kamran Ağayevi götürsək 11-lik düzəlir. Necə düşünürsən, millinin son uğurları sırf futbolçuların beynəlxalq təcrübəsi ilə bağlı deyil?
- Yadımdadır, 2014-cü ildə də Avroliqanın qrupunda idik, amma millinin nəticələri pis idi. 4 oyunun hamısında məğlub olmuşduq. Burada Robert Prosineçkinin böyük əməyi var və bu, danılmazdır. Təbii ki, klubların təsiri var, amma sırf bununla bağlıdır demək düzgün deyil.