"Zaqatala"nın baş məşqçisi Şaban Şirdanovun Sportnet.az-a müsahibəsi
- Çox çətin rəqiblərinizdən birini məğlub etdiniz. "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldiyiniz matçı necə dəyərləndirərdiniz?
- Matç həqiqətən çox maraqlı, gərgin və çətin oyun keçdi. Məncə, belə oyunlar I Divizionun səviyyəsini qaldırır. "Səbail" həm göstərdiyi oyuna, həm də turnir cədvəlindəki yerlərinə görə əsas rəqiblərimizdəndir. Bir az artırsaq, Premyer Liqada oynamağa layiq komandayıq. Əsas liqa üçün mübarizə aparırıq.
- Oyunda zədələnərək məcburi əvəzlənməli olan Emin Mehdiyevin vəziyyəti necədir?
- İlkin olaraq həkim ayağına buz qoydu. Tələsik qərar verə bilmərik. Həkim müayinəsindən sonra hər şey bəlli olacaq.
- Qarşılaşmada məğlub durumda olsanız da, sakit görünürdünüz. Deyəsən, qələbə qazanacağınıza əmin idiniz..
- Komandamın potensialına əlbəttə ki bələdəm. Oyun səviyyəsi məni bir az sakit saxladı. Oyun planında düşünürdük ki, rəqibdən hər cəhətdən güclü olaq.
- Futbolçularınızın çoxu Premyer Liqa təcrübəsinə malikdir. Qorxmursunuz ki, yaxşı oynadıqdan sonra yenidən əsas liqadan təklif gəlsin və transfer olsunlar?
- Yox. Baxmayaraq ki, hədəfimiz Premyer Lliqada oynamaqdır. Ancaq belə hal olsa, məmnun olarıq. Belə şeylərə görə narahat deyilik.
- Keçmiş yetirməniz olan Qurban Qurbanov bildirib ki, "Zaqatala” Premyer Liqada oynamağa hələ hazır deyil. Siz necə düşünürsüz?
- Razıyam. Qurban Qurbanov doğru deyir. Gücləndirmə işləri aparmalıyıq. Premyer Liqaya çıxıb geri qayıtmaq istəmirik. Gücllüər dəstəsində oyun təcrübəsi olan futbolçularla yanaşı, yenə də heyəti gücləndirməyə ehtiyac var.
Seymur Kərimli