"Neftçi"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Samir Əliyevin Sportnet.az-a müsahibəsi
- Yoxlama oyununda əsas komandaya 3:2 hesabı ilə qalib gəldiniz. "Neftçi"nin əvəzedici heyəti güclənib, yoxsa əsas komanda o səviyyədə deyil?
- Bu, sadəcə, yoldaşlıq oyunu idi.
- Hər halda, nəticə göz qabağındadır...
- Əsas komanda yorgunluq fonunda oynayırdı. Üç gün dalbadal gündə 2 dəfə məşq keçməklə yüklənirdilər. Hiss olunurdu ki, həddən artıq yükləniblər.
- Əvəzedici heyətə göndərilən legionerlə haqda nə deyə bilərsiniz?
- Xorvatiyalı Krşevan Santini bir hissə qapıda durdu. Makedoniyalı Vançe Şikov milliyə yollanıb. Xorvatiyalı Dario Melnyak ümumiyyətlə, klubdan gedib. Braziliyalı Jayro Rodrigesin zədəsi var. Hazırda Santini ilə braziliyalı hücumçu Denilson Pereyra bizimlə məşq edir. Bildiyimə görə, Denilson da 1-2 günə çıxıb gedəcək. Deyəsən, yola salınması üçün danışıqlar gedir.
- Legionerlər məşqlərdə necə təsir bağışlayırlar?
- Hamı necə, onlar da elə məşq edirlər.
- Onlar əvəzedici komandaya bir xeyir verə bilərlərmi?
- Faydalı ola bilərlər. Ancaq öz futbolçularımızı oynatmaq fikrindəyik.
- Onlar sərəncamınıza gələndən sonra "İnter"lə matçda meydana çıxmadılar. Bu, nə ilə bağlı idi?
- Elə bir səbəb yoxdur. Sadəcə, öz uşaqlarımıza üstünlük veririk.
- Legionerlərin "Neftçi"nin əvəzedici heyətində də oynamamaları müzakirə obyektinə çevrilib...
- Əgər əsas komandaya fayda vermirlərsə, əvəzedicilərdə oynamalarını məqsədəuyğun saymıram. Bizim işimiz əsas komandaya yerli oyuncu yetişdirməkdir. Əsas komandamızın baş məşqçimiz Elxan Abdullayevlə söhbətimiz olmuşdu.
- O, sizə nə tövsiyə edib?
- Elxan müəllim özü qeyd etmişdi ki, legionerlər sənin sərəncamındadır. Kimi istəsən, oynat. Yəni, futbolçunu oynadıb-oynatmamaqla bağlı qərar əvəzedici heyətin məşqçilər heyətinə məxsusdur. Tam səmimi deyirəm, bizə heç bir təzyiq də yoxdur ki, onları oynadaq, ya yox.