Braziliyanın "Şapekoense” klubunun qəzaya uğradığı təyyarə ilə bağlı maraqlı məqam ortaya çıxıb. Sportnet.az-ın məlumatına görə, həmin təyyarədən Lionel Messinin kapitanı olduğu Argentina yığması da istifadə edib.
Bu haqda Kolumbiyanın "Atletiko Nasyonal” klubunun prezidenti Xuan Karlos de la Kuesta televiziya vasitəsilə çıxışında açıqlama verib. Argentinalılar elə bu ayın 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsində Braziliya millisinə səfərdə 0:3 hesabı ilə uduzduqları rəsmi qarşılaşmaya həmin təyyarədə yollanıblar. İndi isə braziliyalılar Kolumbiya təmsilçisi ilə Cənubi Amerika Kubokunun ilk final oyununa bu hava gəmisində gediblər.
O da məlum olub ki, "Şapekoense” üzvləri təyyarə reysini dəyişməyə məcbur olub. Çünki ilk olaraq plan çarter reysi imiş. Ancaq sonra kommersiya reysi ilə səfərə çıxmaq üstün tutulub ki, bu da ilkin planlaşdırılandan 2 saat gec olub. Həmin reyslə uçan təyyarə Kolumbiyanın Medelyin şəhərinə yaxın ərazidə qəzaya urayıb. Qəzadan 6 nəfərin sağ çxıdığı bildirilir. Bunlardan 3-ü futbolçu, qalanları stüardessa, jurnalist və masajçıdır.