Şimali İrlandiya millisinin AVRO-2016-dakı uğurlarından bəhs edən "Dare to Dream” (Xəyal qurmağa cəsarət et) adlı kitabın təqdimat mərasimi olub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində rəqibi olan Britaniya təmsilçisinin baş məşqçisi Maykl O Nil təqdimatda iştirak edib.
Mütəxəssis açıqlamasında 2017-ci ilin onlar üçün fantastik olacağını bildirib: "Əsas diqqətimizi Azərbaycan və Norveçlə oyunlara yönəltmişik. Azərbaycanla oyuna daha çox hazırlaşmalıyıq. Çünki həmin matç iyunun 10-u baş tutacaq. Bu tarixdən 42 gün öncə oyunçularım aktiv futbol mövsümünü qapatmış olacaq. Azərbaycan və Norveçə diqqətimizi yönəltməkdə əsas məqsəd millimizin qrupdakı mövqeyini möhkəmləndirməsinə çalışmaqdır".
O Nilin fikrincə, sentyabr-oktyabr aylarında vəziyyətləri elə də qənaətbəxş olmayıb: "Amma yeni ilə önəmli pillədə daxil oluruq. Çexiya və Norveç arasında kiçik uçurum var. Azərbaycanla eyni mövqedəyik. Ümid edirəm ki, son iki ildə əldə etdiyimiz təcrübə bizə yardım edəcək”.
Qeyd edək ki, Şimali İrlandiya son oyunda Azərbaycana evdə 4:0 hesabı ilə qalib gələrək xal sayında ona çatıb və 2-ci pilləni əlindən alıb.