"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şərusrspor"la matçdan sonra brifinq keçirib. Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının məlumatına görə, vitse-kapitan jurnalistlərin suallarını cavablandırıb...
- Kubokda asan qələbə oldu...
- Belə deməzdim. Meydana rahat çıxsaydıq, bizə çox çətin olacaqdı. Hesab 5:0, 6:0 xeyrimizə olmalı idi. Ancaq buna da şükür. Bu qələbə bizim üçün gələcək oyunlara stimul oldu.
- Ancaq boşluqlarınız vardı və ilk hissədə rəqibin təhlükəli hücumları oldu. Bunlar belə zəif rəqibə qarşı olmalıdırmı?
- Bu, futboldur, hər şey ola bilər. Futbolçu qol vurandan sonra bir az "boşalır". Ona görə rəqibə arxada boşluqlar verdik. Üstəlik, rəqib I Divizion təmsilçisi olduğundan istər-istəməz rahatlaşırsan. Ona görə qol imkanı yaranır. Fikirləşirəm ki, yaxşı, qələbəyə layiq oynadıq. "Şərurspor"a da uğurlar arzulayıram.
- 1/4 finalda hansı komandanı gözləyirsən? "Turan Tovuz", yoxsa "Zirə"yə qarşı oynamaq istərdin?
- Fərqi yoxdur.
- "Zirə"yə qalib gələ bilmirsiniz. Ancaq Tovuz klubunu məğlub etmək şansınız çoxdur...
- "Zirə"yə qalib gələ bilməməklə razılaşmıram. Düzdür, son illərdə bizə qalib gəlirlər. Ancaq əlbəttə, "Turan Tovuz" bizim üçün daha əlverilşli rəqib olardı. Düşünürəm ki, "Zirə" mərhələ keçərək bizə rəqib olacaq.
- Azarkeşlər kapitanınız Araz Abdullayevi söyürdülər. Bunu komandanın futbolçusu kimi necə qarşılayırsan?
- Açığı, söyüşü eşitmədim.
- Bu, ikinci hissənin axırlarında oldu...
- Əlbəttə, belə şeylər düz deyil. Ancaq digər tərəfdən, azarkeşləri də qınamaq olmaz. İstənilən halda, belə sözlər futbolçuya pis təsir edir. O söz təkcə Araz, Rəhmana deyilən sözlər deyil. Bizə də - bütün komandaya deyilir. Onlara ünvanlanan ifadələri özümə də götürürəm. Ancaq azarkeş haqlı olduğundan, bir şey deyə bilmərik.
- Mövsümün əvvəlində "Neftçi"də baş məşqçi, heyətdə dəyişiklik olsa da, bunun oyuna, nəticəyə təsiri olmadı...
- Haqlısınız. Açığı, səbəbini özümüz də bilmirik. Bu gün 3-4 qol imkanım oldu, heç birini vura bilmədim, əsəbiləşdim.
- Söhbət əsasən Premyer Liqadan gedir...
- Düzdür, bu iki turnir fərqli olsa da, yenə də futboldur. Qol imklanları da yaradırıq. Ancaq müdafiədə çox boşluqlar veririk. Artıq görsənir ki, uduzmağa, qol buraxmağa öyrəşmişik. Bu da çox pisdir. İstəməzdim ki, bu vərdişə tam öyrəşək. Dekabrdan sonra komandamız özünə gəlməlidir. Rəhbərliyin sayəsində yaxşı futbolçular gəlməlidir. Bundan sonra "Neftçi" layiq olduğu yerə çıxacaq.
- Yəni, indiki legionerlər komandanı irəliyə "dartacaq" futbolçular deyil...
- Bilmirəm.
- Fakt onu göstərir...
- Özümü də bura aid edirəm. Bu gün çox bərbad oyun göstəririk. Bu, "Neftçi"nin adına layiq oyun deyil. 10 ildir klubdayam. Ancaq son 2 ildə "Neftçi"ni belə görməmişdim. Komanda bu gündədir. "Neftçi"nin sabah yaxşı oynaması, özünə gəlməsi üçün formamı qoyub getməyə hazıram. Çünki bu, nə mənim, nə başqasının komandasıdır. "Neftçi" xalqın, millətin komandasıdır. Belə zəif çıxış etmək olmaz.