"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Səbail"lə oyundan sonra mətbuat konfransı keçrib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Qurbanov öncə kubokda 5:0 hesabı ilə qalib gəldikləri matç haqda danışıb.
- Normal oyun sərgilədik. Nəticə üçün çıxış etdik. Düzdür, fasilədən sonra rəqib mübarizə apara bilmədi. Amma ilk dəqiqələrdən bizim üçün çox çətin oldu. 2:0-dan sonra rəqib fərqlənə bilərdi. "Səbail"ə uğurlar arzu edirəm.
- Matçdan əvvəl qarşılaşmanın Tofiq Bəhramov adına Respubilka stadionunda keçiriləcəyi deyilirdi...
- Belə bir fikir oldu. Hava yağışlı keçdiyindən stadion əməkdaşları ot örtüyünə ziyan olacağını dedilər. Ona görə də alınmadı. Amma çox istərdik ki, orada oynayaq.
- Bir anlıq da olsa "Fiorentina" ilə matçdan uzaqlaşıb, bu qarşılaşmaya köklənə bildiniz?
- Mənim yadımdan çıxmadı. Çalışırdım ki, oyunçularımız bu matça köklənsin. Nə qədər özümü unutmuş kimi göstərsəm də, bu haqda düşünürdüm.
- Elə bir taktiki gediş oldumu ki, "Fiorentina" ilə matç üçün bu gün onu sınaqdan keçirdiniz?
- Xeyr, fərqli komandalar və sistemlərdir. Əsas olan oyunçularımın formadan düşməməsi idi. Əsas məqsədimiz bütün futbolçuların eyni səviyyədə olmasıdır.
- Ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- "Sumqayıt"la oyunlarımız həmişə çətin keçir. Çünki fərqli sistemdə çıxış edirlər və istəklidirlər. Daim aqresiv olurlar. İndi əsas fikrimiz "Fiorentina" ilə oyunadır. Bu matça köklənmişik.
- Rəşad Sadıqovun durumu nə yerdədir?
-
Rəşad hazırda məşq edir. Həkimlərindən qərarından çox şey asılı olacaq.
- Sadıqov oynasa, gələcək kareyasına təhlük
ola bilərmi?
- Həkimlər 100 faiz əmin olmasa, oynamayacaq.
- Rəşadsız oynamaq
komandada fobiya yaratmır?
- Hamı bir kapitana öyrəşəndə və o olmayanda hamıya
təsir edir. Meydanda nə qədər lider olsa, futbolçularda arxayınlıq olur. Hanısa
futbolçunun yoxluğu məşqçinin əlində "kartlar"ın azalması deməkdir.
- Maksim Medvedevlə Migel Madeyra italyanlarla matçda olmayacaq. Sonuncu dəfə nə vaxt belə gərgin vəziyyətlə üzləşmisiniz?
- "Zaltsburq"un cavab matçı yadıma gəlir. O zaman da bir çox futbolçumuz zədəli və cəzalı idi. Həmçinin, "İnter"lə oyunöncəsi də bu vəziyyətlə üzləşmişdik.