"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Kubokunda "Səbail"lə matçdan sonra brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, millimizin də üzvü olan yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandıırb.
- Oyun necə keçdi?
- "Səbail”in futbolçularının meydandakı düzülüşü bizə çətinlik yaradırdı. İlk hissənin başlanğıcında bunu hiss elədik. Ötən il kubok oyununda ilk mərhələdə çətinliklər yaşadıq. Rəqib yaxşı müdafiə olunurdu, qol vura bilmirdik. Səhvsiz başlamaq istəyirdik. Əsas odur ki, qalib gəldik. Məqsəd bu mərhələni keçmək idi. Tək oyunlu qarşılaşmalara hazırlaşmaq çətin olur. Meydanda hər hansı bir səhv səni kubokdan edə bilər. Eşitdiyimə görə, "Qəbələ” də bu gün 2:2 bərabərə qalıb və penaltilərdə mərhələ keçə bilib. Birinci diviziondan gələn komandalar Premyer Liqa klublarına "diş"ini göstərməyə çalışırlar. Bu da normal haldır. Bizə verilən tapşırığı yerinə yetirdik. Bu qarşılaşmadan da üzüağ çıxdıq.
- Birinci divizion və Premyer Liqa klubları arasında olan səviyyə fərqi hələ də böyükdür...
- Reallıq budur ki, Premyer Liqa və I divizion arasındakı fərq böyükdür. Düşünürəm ki, bu həm maddiyyat, həm də strukturla bağlı problemdir. Aşağı dəstə komandalarında struktur yoxdur. "Səbail” bu il Premyer Liqaya vəsiqə qazanıb heyətini daha da gücləndirər. Yaxşı nəticə qazanarlar.
- "Qəbələ” ilə matçdakı stress və gərginlik hələ də qalmaqdadır?
- Xoşagəlməz hal yaşandı. Bununla bağlı baş məşqçimiz və mətbuat katibimiz danışdı. Bizim işimiz sadəcə, meydana çıxıb oynamaqdır. Kaş bu hadisə olmayaydı... Oldusa da, bizi maraqlandırmamalıdır. Bizə baş məşqçimiz də deyib ki, belə mübahisəli epizodlardan kənar gəzin. Sözsüz ki, rəqib məğlub oldu deyə bizə etiraz etməmək tapşırığı verildi. İstər meydanda, istərsə də meydandan kənarda buna ehtiyac yox idi. Həqiqətən maraqlı oyun oldu. "Neftçi” ilə keçirdiyimiz derbi oyunlarını bizə xatırlatdı. Çoxdandır belə maraqlı oyun olmurdu. Nəticədən aslı olmayaraq, hər iki klub çempionatda ən yaxşı yerlərə laiqdir.
- Bundan sonra "Qəbələ” və "Qarabağ” arasında problem yaranacağını düşünmürsən ki?
- Bizim rəqib oyunçularla heç bir problemimiz yoxdur. Klub olaraq da heç bir problem ola bilməz. Bir yanlış qərara görə iki klub arasındakı münasibət korlanmamalıdır. Bu, hakim səhvidir. Bizə qarşı da edilir. Qərəz bizə qarşı da olur. İnanmıram ki, o oyunda qərəz olsun. Bunu edən adam Allahdan qorxmur ki, bu qədər insanın haqqına girər? "Qəbələ” ilə münasibətlərimiz davam edir. Bu əslində, çox gözəl bir rəqabətdir. Çempionata rəng qata biləcək rəqabət hələ də qalıb hələ.
- "Fiorentina" ilə qarşıdakı oyunla bağlı nə düşünürsən?
- Bizim oyunlarımız həmişə son tura qalanda bir az stress, bir az da azarkeşlərlə media məsuliyyətimizi artırır. Hər kəs daha çox nəticə istəyir. Bu da bizə təsirsiz ötüşmür. "Fiorentina”yla oyuna rahat çıxsaq, yaxşı olar. "Slovan”la oyun futbolçu karyeramın ən önəmli oyunu idi. Amma nəticə qazana bilmədik. Hələ bir şansımız daha var. Bu, karyeramın davamı üçün çox önəmlidir. "Fiorentina” hədiyyə komanda deyil ki, rahat məğlub edək. Mübarizə, əzmkarlıq və azarkeş dəstəyi bizim üçün mütləqdir.
- Maksim Medvedevlə Migel Madera dəqiq oynamayacaqlar. Rəşad Sadıqovun da vəziyyəti bilinmir. Onların olmaması komandaya necə təsir göstərəcək?
- "Slovan”la oyunda bir oyunçumuzun olmaması bizə problemlər yaradırdı. Bu matçda da üçünün də olmaması, sözsüz ki, bizə mənfi mənada təsir göstərəcək. Amma komandamızda heyət genişdir. Onları əvəz edə biləcək futbolçularımız da var. Düşünürəm ki, onlar da yaxşı çıxış edəcəklər və mərhələni keçəcəyik.
- Avroliqa öncəsi gərginlik varmı?
- Bizdə stress yoxdur. Sadəcə, məsuliyyətimiz çoxdu€r. Bu da normaldır. Hər kəs qrupdan çıxmağımızı istəyir. Bəlkə də bu bizə az da olsa təsir edər. Hamının haqqı var ki, bizdən qrupdan çıxmağı tələb etsin. Bəzən qələbə haqqında çox düşünmək ziyanımıza ola bilir. Ona görə də sakit və səbrli olmalıyıq.