"Qrupda son oyunumuzdur. Hər bir oyun əvvəlkindən daha vacib olur. Əlimizdə şansın olduğunu yaxşı başa düşürük. Ancaq rəqibimiz "Fiorentina"dır". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda sabah Bakıda İtaliyanın "Fiorentina" klubuna qarşı keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Q.Qurbanov Florensiya təmsilçisi ilə oyunda komandanın daha da diqqətli olmasının vacibliyini vurğulayıb: "Ümumiyyətlə İtaliya komandalarına qarşı oynamaq çətindir. Çox istərdik ki, nəticə bizim tərəfdə olsun. Diqqətli olmağa çalışmalıyıq. Futbolçuların meydançada həddən artıq diqqətli olmaları vacibdir. Sabaha qədər vaxtımız var və ən düzgününü etməyə çalışacağıq".
Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
- Statistika böyük beşlik ölkə təmsilçilərinə qarşı pis oynamadığımızı göstərir. Sabah bizə nə mane ola bilər?
- Rəqibin daha çox təcrübəli olması. Ümumiyyətlə "Fiorentina" fərqli oyun nümayiş etdirir. Ola bilsin ki, hansısa müddətdə istədiyimiz oyunu göstərək. Amma rəqibin gücü və təcrübəsi bizə mane ola bilər. Yeni məşqçi gələndən komanda fərqli sistemdə oynayır. Mane ola biləcək tərəflər budur. Böyük beşlik ölkələrinə qarşı təcrübəmiz var. Amma mübarizədən qaçmırıq.
- Rəşad Sadıqov sabah meydanda olacaq?
- Əvvəlcədən də demişdim ki, ehtimal var. İndi elə bir andır ki, qərarı özü verəcək. Çünki Yunanıstan PAOK-u ilə oyunda oynamağını özüm istəmişdim. Çünki onda başqa zədə idi, indi isə zədə dizindədir. Həkimlər nə qədər razılıq versə də, ehtiyatlı olmaq lazımdır. Mən onun meydanda olmasını istərdim. Amma qərarı öz öhdəsinə buraxacam. Özü oynamağından əmin olsa, şad olacam.
- Vacib oyun olması komandaya psixoloji baxımdan necə təsir edə bilər?
- Futbol digər idman növlərindən fərqlənir. Çünki yarış davam edir. Nəticə vermək üçün daha çox çalışmalı, diqqətli olmalısan. Komandada hansısa psixoloji hisslər olsa, buna şad olaram. Bu amil mütləq şəkildə təsir edə bilər. Bəzən idmançı məğlub olmaqdan qorxmur. Biz nə qədər çox istəsək də, azarkeşlərimiz daha çox istəyir. Biz də onları üzmək istəmirik və qələbəyə çalışırıq. Məğlub olmaqdan qorxmamışam, sadəcə azarkeşləri üzməkdən qorxmuşam".
- 2 il əvvəl İtaliyanın digər təmsilçisi "İnter"lə qarşılaşdınız. Bu dəfə də həlledici oyun yenə İtaliya komandasına qarşı olacaq.
- Vəziyyət bir az fərqlidir. Çünki "İnter" təmin etmişdi, amma "Fiorentina" birincilik üçün yarışacaq. Artıq həmin oyun yaddan çıxıb. Çünki əvvəlki nəticələri çox da araşdırmırıq. Fərqli komanda və futbolçular olur.
- İvan Bebekin sabahkı oyuna təyinatını tür klublarına qərəz adlandırmaq olar?
- Həmişə hakimlik mövzusundan uzaq olmağa çalışmışam. Səhv etməyən hakim görməmişik.
- Yunanıstandakı oyundan da çox şey asılıdır. Bir gözünüz orda olacaq, ya bütün diqqətiniz öz oyununuza yönələcək?
- İstər-istəməz diqqətim orada olacaq. Amma oradakı hər hansı dəyişikliyi mənə deyəcəklər. Müəyyən şəxslərə tapşıracam ki, mənə nəticə ilə bağlı məlumat versinlər.
- "Fiorentina" ölkə çempionatındakı son oyunları ilə müqayisədə indi necə təsir bağışlayır?
- Rəqib son vaxtlar daha yaxşı oynayır və bir-birini daha yaxşı başa düşür. Nəticəni dəyişə biləcək potensiallı futbolçular var.