"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində son rəqibi olan "Fiorentina” klubu cari mövsümdə 19 oyun keçirib. Sportnet.az-ın məlumatına görə, Florensiya təmsilçisi yubiley – 20-ci qarşılaşmasını sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Həmin 19 matçdan 14-i İtaliya A seriyasında, 5-i Avropa Liqasının qrup mərhələsində olub. Bu ölkənin çempionatında 15 tur keçirilsə də, rəqibimizin "Cenoa” ilə səfər matçı hava şəraiti üzündən təxirə salınıb. Nəticədə Paulu Souzanın komandası 1 oyun az keçirib.
Turnir cədvəlində 23 xalla 20 komanda arasında 8-ci olan "Fiorentina” lider "Yuventus”dan 13 xal geri qalır. Hesabında 6 qələbə, 5 heç-heçə, 4 məğlubiyyət olan florensiyalılar 22 qol vuraraq qapısında 16 top görüb.
Bizim üçün "Fiorentina”nın səfərdə çıxışı daha maraqlıdır. Hər halda, italyanlar qarşıdakı oyunu rəqib meydanında keçirəcək. Paulu Souzanın yetirmələri A seriyasında 7 səfər matçından yarısında qalib gəlib, 1-də heç-heçə edib, 3-də uduzub. Rəqib meydanında ilk 3 qarşılaşmada qələbə üzünə həsrət qalan "Fiorentina" Turində "Yuventus” və "Torino”ya 1:2 hesabı ilə uduzub, habelə "Udineze” ilə 2:2 hesablı bərabəliyə qalıb. Ancaq bundan sonrakı 3 səfər matçı qələbələrlə nəticələnib. Florensiya təmsilçisinin "Kalyari”yə 5:3 hesabı ilə qalib gəldiyi matç həm məhsuldar alınıb, həm də qələbə əzmkarcasına əldə olunub.
"Fiorentina” bu çempionatda hələ ki yeganə böyükhesablı qələbəsini səfərdə qazanıb. Bu, autsayderlərdən olan "Empoli” üzərində 4:0 hesablı qələbədir. Son səfər isə Milana olub və "İnter”ə 2:4 hesablı məğlubiyyətlə yadda qalıb. Özü də florensiyalılar 19-cu dəqiqədə hesabda 0:3 geridə olublar. Yeri gəlmişkən, "Fiorentina” A seriyasında oyunlarının çoxunda ilk hissədə qol buraxması ilə diqqət çəkir.
Paulu Souzanın komandası Avroliqada qrupda 5 oyundan 10 xalla liderdir. Bunlardan 3-də qələbə, 1-də heç-heçə, 1-də məğlubiyyət qeydə alınıb (topların fərqi 13-5). "Fiorentina"nın Saloniki və Liberets səfərlərində müvafiq olaraq qolsuz bərabərlik və 3:1 hesablı qələbəsi qeydə alınıb. Göründüyü kimi, rəqibimiz yeganə məğlubyyətini səfərdə yox, öz meydanında alıb. Bu, PAOK-a 2:3 hesabı ilə yenildiyi matçdır.
Səfərdə qeyri-sabit çıxış edən "Fiorentina"nı ümumiyyətlə, məhsuldar komanda saymaq qolar. Keçirdiyi 19 oyunda vurduğu 35 qol hər matçda 1-dən çox fərqlənməsi deməkdir. Florensiya klubu yalnız 2 oyunda meydanı qolsuz tərk edib. Bu, PAOK-la səfər və "Milan”la evdəki 0:0 heç-heçələrdir.
Florensiya təmsilçisi cari mövsümdə penalti də az vurmur. Özü də heyətində ştatlı penalti vuran yoxdur. Serbiyalı hücumçu Yosip İliçiç "Milan"la oyunda penaltini qapı dirəyinə vuraraq boşa versə də, "Empoli" ilə matçda qola çevirə bilib. "Fiorentina"da Fernando Bernarderski ilə Nikola Kaliniç də 11 metrlik zərbələrini vuraraq dəqiq olublar.
Qeyd edək ki, "Forentina"nın bu dəfə səfərdə qüvvəsini sınayacağı "Qarabağ" öz meydanında məğlubiyyətsizliyi ilə diqqət çəkir. Hər halda, Ağdam klubu bu il evdə nə daxili yarışlarda, nə də avrokuboklarda uduzub.