Azərbaycan klubları Avropa Liqasında mübarizələrini başa vurublar. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"la "Qəbələ" turnirin qrup mərhələsinin axırıncı turunun oyunlarından sonra UEFA-nın klub əmsalında hesabımıza xal yaza bilməyib.
Nəticədə 1 pillə geriləyərək 26-cı yerə düşən Azərbaycanın xalı 17.750 olaraq qalıb. Bizdən 1 pillə geridə olan Kipr bundan maksimum istifadə edib. Sıralamada 1 pillə irəliləyərək 25-ci yerə qalxan kiprlilərin 18.050 xalı var. Bu yüksəliş son tur qalib gələrək 1/16 finala çıxan APOEL-in sayəsində mümkün olub. Deməli, Kiprin bununla kifayətlənməyərək öz göstəricisini daha da yaxşılaşdırmaq şansı var.
Azərbaycanın 26-cı pillədən də aşağı düşmək təhlükəsi yoxdur. Çünki siyahıda bizdən geridə olan ölkələrin bütün klubları mübarizəni dayandırıblar. Üstəlik, ölkəmiz avrokuboklarda növbəti - 2017/18 mövsümünə minimum 23-cü pillədən başlayacaq. Məsələ ondadır ki, UEFA-nın reytinq cədvəli son 5 ilin nəticələrinə əsasən hesablanır. Hər mövsümün başlanğıcında isə ilk ilin xalları silinir. Bu üzdən 2012/13 mövsümünün nəticələri silinəcək ki, həmin mövsüm 3.000 xal toplamışıq. Ona görə də aktivimizdəki əmsal 14.750 olacaq.
Siyahıda Azərbaycandan qabaqda olan İsveç, Şotlandiya və Norveç daha çox itkiyə məruz qaldığından növbəti mövsüm cədvəldə bu ölkələri qabaqlayacağıq. Bura mübarizəni davam etdirən Kipr də qoşula bilər ki, bu, onun nəticəsindən asılı olacaq.
Onu da bildirək ki, ölkəmiz başa çatam mövsümdə 2-ci dəfə xalsız olub. Bu, daha öncəki turda da məğlubiyyətlər üzündən olmuşdu. Bu dəfə isə "Qarabağ" evdə "Fiorentina"ya 1:2, "Qəbələ" səfərdə "Maynts"a 0:2 hesabı ilə ilə uduzub.
Xatırladaq ki, "Qarabağ” cari növsümdə qazanılan xallara görə klublarımız arasında 1-ci olub - 2.125. Onun ən yaxın izləyicisi olan "Qəbələ” 1.375 xal toplayıb. "Neftçi” ilə "Kəpəz” hərəyə 0.375 xal yığıb. Qrupda qələbəyə görə 0.500, heç-heçəyə görə 0.250 xal verilir. Bu isə təsnifat mərhələsində müvafiq nəticələrə görə verilən xallardan 2 dəfə çoxdur.