Türkiyə Super Liqasında bu gün XIV turun daha 3 oyunu keçirilir.
Sportnet.az-ın məlumatına görə, mərkəzi görüş Bakı vaxtilə saat 20:00-da "Beşiktaş"la "Bursaspor" arasında olub. Qonaq komandada Azərbaycan millisinin hücumçusu Deniz Yılmazın start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Türkiyə milli komandasının da üzvü olan hücumçu Cenk Tosun ikinci hissədə 12 dəqiqəyə penaltidən dubl etməklə qonaqları məyus edib. "Bursaspor" yalnız 90+1-ci dəqiqədə təsəlli qolunu vura bilib. Matçın 90+4-cü dəqiqəsində isə qonaqların təcrübəli hücumçusu Sercan Yıldırım birbaşa qırmızı vərəqə alıb.
Yılmaz ötən tur "Çaykur Rizespor"u 2:1 hesabı ilə yendikləri qarşılaşmada "dubl" etmişdi. 14 turdan sonra "Beşiktaş" 32 xalla 2-ci, "Bursaspor" 24 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Trabzonspor" evdə "Adanaspor"u darmadağın edib - 4:1. Meydan sahiblərinin baş məşqçisi Ersun Yanal Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayevin adını "18-liy"ə belə salmayıb.
Türkiyə Super Liqası, XIV tur
10 dekabr
20:00. "Beşiktaş" - Bursaspor" - 2:1
Qollar: Cenk Tosun, 53-pen, 65-pen - Emre Taşdemir, 90+1