
Gürcüstanın futbol çempionatının yeni qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, "Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Samtredia” klubu olub.
Georgi Tsetsadzenin yetirmələri öz qrupunda qalib olduqdan sonra digər qrupda 1-ci yer tutan, "Neftçi”nin vaxtilə Avroliqada üstün olduğu "Çixura” ilə qızıl medallar uğrunda görüşüb. İki oyunun nəticəsinə görə 4:2 hesabı ilə üstün olan "Samtredia” tarixində ilk dəfə çempion olub. Komandanın bunadək ən yaxşı nəticəsi ötən çempionatın gümüş medalçısı olması idi.
"Samtredia”nın üzvləri ilk çempionluğu böyük coşğu ilə qeyd ediblər. Hətta iş o yerə çatıb ki, baş məşqçi ilə futbolçular musiqi alətlərinin arxasına keçiblər. Tsetsadze zərb alətlərinin, kapitan Georgi Datunaşvili mikrofonun arxasına keçib, Budu Zivzivadze isə gitaranı əlinə götürüb. Bununla da onlar rəmzi olaraq musiqi qrupu yaradıblar.
Qeyd edək ki, Zivzivadze "Qəbələ”yə evdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyununda 14-cü dəqiqədə penaltidən hesabı açıb. Ancaq bu qələbə gürcülərə mərhələ keçməyə bəs etməyib. Çünki Roman Qriqorçukun komandası tərəfindən ilk oyunda səfərdə 1:5 hesabı ilə darmadağın olunublar.