"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin Sportnet.az-a müsahibəsi
- Gəncə stadionunun vəziyyətinə görə "Qəbələ" ilə qarşıdakı matçınız səfərə salındı. Ancaq Qəbələdə də hava şərati çətinlik yaradır. Bu amil oyuna öz təsirini göstərə bilərmi?
- Qəbələdə qar, şaxta var. Ancaq biz heç vaxt meydançaya səbəb axtarmamışıq. Səbəb bizim öz oyunumuzdadır. Buna yaxşı və ya pis oyunumuzla cavab axtaracağıq. Bu da bizim üçün sabah olacaq. Səfərdə oynayırıq. "Qəbələ" çox güclü rəqibdir. Bunu deməyə ehtiyac yoxdur. Avroliqada qrupda ölkəmizi təmsil edib. Ən başlıcası, yüskək səviyyəli legionerlərdən və yerli futbolçulardan təşkil olunmuş bir komandadır. Hər bir futbolçusu oyunun taleyini həll etmək gücündədir. "Qəbələ"nin hər xətdə liderləri çoxdur. Həmişəki kimi asan oyun olmayacaq. Bizi Qəbələdə çox çətin sınaq gözləyir.
- Oyunun favoriti "Qəbələ" sayılır...
- Buna etiraz etmək olmaz. Oyundan qabaq matçın favoriti "Qəbələ"dir. Ancaq futbol favoritləri, proqnozları sevmir. Oyunu gedişində favorit dəyişə bilər.
- "Kəpəz"in qarşılaşmanın favoriti sayılmamağı əlavə motivasya verə bilərmi?
- Belə deməzdim. Hər bir futbolçunu və məşqçini yaxşı komandaya qarşı çıxış etməsi böyük motivasiya edir. Baş məşqçi taktiki, futbolçular isə oyun cəhətdən özlərini göstərmək istəyir. Bu sarıdan "Qəbələ" bizə motivasiya olunmaq üçün yaxşı rəqibdir. Futbolçuların adı, komandanın Avropada uğuru elə motivasiyadır.
- Komandanız hazırda turnir cədvəlində olduğu 4-cü pillə Avroliqaya vəsiqə verən yerdir. Təbii ki, əsas məqsəd qış fasiləsinə həmin yerdə çıxmaqdır. Bunun üçünsə qalib gəlmək lazımdır. Ancaq "Kəpəz"i daban-dabana izləyən "Zirə" ilə "Sumqayıt" büdrəməyinizi gözləyir...
- Əlbəttə, qış fasiləsinə 4-cü pillədə yollanmağı, bu şəraitdə yüksək əhval-ruhiyyədə yolanmağı çox istərdik. Ancaq bunun üçün çox çalışmaq lazımdır. Qarşımızda ağır yük durur. Arzumuzdur, bunu nə dərəcədə həyata keçirəcəyimizi sabahkı oyun göstərəcək.
- Braziliyalı legioneriniz Dario Frederiko sağaldığından oynaya bilər. Ancaq hələ tam hazır olmayan futbolçunu üstəlik, çətin hava şəraitində meydana buraxmaq riskli deyilmi?
- Dario ilə bağlı məqamı doğru qeyd etdiniz. Onun sağalması fiziki formasının hələ tam bərpa olunması demək deyil. Əlbəttə, futbolçumuz uzun müddətdir yaşıl meydandan kənarda qaldığından, oyun praktikasının olmaması problem yaradacaq. Frederiko sabah nə qədər oynayacaq, bunu matç zamanı müəyyən edəcəyəm.
- İlə Gəncədə "İnter"ə qarşı kubok matçı ilə yekun vuracaqsınız. Həmin oyunun önəmini nəzərə alaraq bəzi futbolçuları qorumağı, tam gücünüzlə oynamamağı düşünürüsünüz? Yoxsa 4 gündə hər iki turnirdə eyni gücdə mübarizə aparacaqsınız?
- Bəli, hər iki "cəhbə"də mübarizəmizi aparacağıq. Dediyiniz kimi, "İnter"lə cavab oyununa 4 gün var. Hər bir futbolçu maksimum 72 saata bərpa olunur. Bu, gənc futbolçularda daha tez olur. Yaşlı futbolçuda isə uzağı 72 saatdır. Buna görə qarşımızda 96 saat var. Hə iki oyunda maksimum güclə, tam heyətlə oynamağı qüvvəmiz var.
Mehman SÜLEYMANOV