"Gözlədiyimiz kimi gərgin oyun oldu. Meydanda bir komanda vardı, o da "Kəpəz” idi. Hücumlar təşkil edirdik, amma meydançanın vəziyyətinin ideal olmaması yaradıcı futbol göstərmək üçün problemlər yaradırdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunda "İnter"lə 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Komandası mübarizəni dayandırsa da, 50 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını bildirib: "Son matçlarda futbol adına heç kimə uduzmuruq. Bu günkü qarşılaşmada bir qol lazım idi ki, ardı gəlsin. "İnter”i təbrik edirəm, heç bir komponentdə onlardan geri qalmadıq. Kubokda mübarizəni dayandırmağımız bəlkə də çempionata köklənmək üçün yaxşı oldu. Avropa Liqasına vəsiqə verən yer uğrunda Premyer Liqada mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, Gəncə şəhər stadionundakı cavab oyununda hesab açılmayıb - 0:0. "İnter" ilk görüşdə 2:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib. "Kəpəz" isə mübarizəni dayandırıb.