"Neftçi"nin kapitanı Rəhman Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə evdə 1:2 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra müsahibə verib. Yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Məğlub olsanız da, mərhələni keçdiniz...
- Çətin bir oyun idi. İlk matçdan sonra 3:0 hesabı ilə öndə olsaq da, bilirdik ki, hələ heç nə bitməyib. Meydanda qələbə üçün əlimizdən gələni etdik. Uduzsaq da, bu, mərhələ keçməyimizə imkan verdi. "Qarabağ"la yarımfinal mübarizəsinə hazırlaşacağıq.
- Hesabda 0:1 geridə olandan sonra həyəcan var idimi?
- Heç bir həyəcan yox idi. Bilirdik ki, rəqib pressinq edəcək, hücuma atılacaq. Biz də bu zaman əks-hücumlardan istifadə etmək istəyirdik. Biz müdafiəyəmeylli oynayırdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik.
- "Zirə"nin baş məşqçisi ilk oyunda 0:3 hesablı məğlubiyyətdən sonra demişdi ki, "Neftçi"yə cavab oyununda 4 qol vurub mərhələni keçəcəyik. Bu, sizdə xüsusi motivasiya yaratmışdı?
- Bu, əksinə, bizim üçün yaxşı oldu ki, rəqib 0:3 hesablı məğlubiyyətdən sonra ruhdan düşmədi, cavab matçında mübarizə apardı. Biz də "Zirə"nin baş məşqçisinin həmin sözlərinə görə oyuna daha istəklə çıxdıq. Bu, elə deyil ki, çıxıb 4 qol vurasan.
- Bəlkə bu, "Neftçi"nin hazırkı durumuna hesablanaraq deyilib? Yəni, komandanız o günə düşüb ki, istənilən rəqib ona 4 qol vura bilər...
- Bu, "Zirə"nin baş məşqçisinin öz fikridir. "Neftçi" kimi komanda üçün həqiqətən yaxşı söz deyil. "Neftçi"nin vəziyyəti nə qədər pis olsa da, bu, komandaya layiq söz deyil.
- "Neftçi"də "təmizləmə işləri" gedir. 5 legioner göndərildi. Hazırda ab-hava necədir?
- Yaxşıdır.
- Belə bir qorxun yoxdur ki, sabah məni də göndərə bilərlər?
- Bu, futboldur. hər şey ola bilər. Mən də komandadan gedə bilərəm.
- "Qəbələ" variantı ilə bağlı nə söyləyə bilərsən?
- Bu haqda heç nə deyə bilmərəm. Mətbuatda yazılıanların bəziləri düzdür, ancaq çoxu səhvdir.
- Nələr səhvdir?
- Bu haqda heç nə danışmaq istəmirəm. "Neftçi" ilə 1 illik müqaviləm var və heç yerə getmək firkim yoxdur.
- Qış fasiləsində hansı "Neftçi"ni görəcəyinizə ümid edirsən?
- Düşünürəm ki, yaxşı transferlər olacaq və fasildən sonra yaxşı başlayacağıq.