"Zirə"nin kapitanı Elvin Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra brifinq keçirib. Təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Kubokda mübarizəni dayandırmağınızı nə ilə izah edərdin?
- İlk oyunda real qol epizodlarından istifadə edə bilmədik. Bəlkə də 3:0 biz uda bilərdik. Ancaq əksi oldu. Futbolda belə şeylər olur. Bu gün də meydana qələbə istəyi ilə çıxmışdıq. İlk qolu da biz vurduq. Ancaq tez top buraxdıq. Futbolda geri dönüşlər çox olub. Bizim də buna ümidmiz vardı. Ancaq alınmadı. Mövsümün ikinci yarısına hazırlaşacağıq. Bundan sonra yalnlız çempionat matçları haqda fikriləşmək lazımdır.
- Hesabda 2:1 irəlidə olduğunuz zamanı ümid vardımı ki, mərhələni keçə bilərsiniz?
- Bir az vardı. Ancaq vaxtın azlığı öz sözünü dedi.
- Son vaxtlar "Zirə"nin işləri yaxşı getmir. Son turda uduzaraq fasiləyə 5-ci pillədə yollandınız. İndi də kubokdan kənarda qaldınız. Problem nədədir?
- Bəlkə də təkrarçılıq olacaq, ancaq futbolçular bur yerdə çox oynadıqca inkişaf olur. Keçən mövsüm yaxşı komanda idik. Həmin heyətdən 9 futbolçu çıxdı. Demək olar komandanın yarısı uzaqlaşdı. Yeni gələnlərin asapatsiya, əvvəlkilərin yerini doldurmamaq kimi problemlər, həmin sistemdə oynamamaq - bunlar hamısı nüanslardır. Yoluna qoyulmasına isə vaxt lazımdır. İkinci yarıda bəlkə başqa sistemdə oynasaq və ya yeni futbolçular gələrsə, gücümüzə güc qatarlarsa, daha yaxşı nailiyyət ola bilər.
- Komandaya 6 aya uyğunlaşmayan futbolçular 15 günlük toplanışda necə uyğunlaşa bilər? Üstəlik, yeni futbolçular da gələcək...
- Gələn-gedən futbolçular baş məşqçinin, rəhbərliyin işidir. Həqiətən görünür ki, yeni futbolçular uyğunlaşmayıblar. Epizodlarda oyunları alınır, epizodlarda yox. Futbolçular bunu hiss edir. Siz də görürsünüz. Yeni futbolçulardan gözlədiyimiz nəticəni ala bilmirik. "Zirə"yə hücumçu lazımdır. Bunun üzərində işləyirlər. Yaxşı nəticə olar.
- Baş məşqçiniz Adil Şükürov ilk oyundan sonra demişdi ki, "Neftçi"yə cavab oyununda 4 qol vuracağıq. Bu, rəqibə qarşı hörmətsizlik deyilmi? Çünki Azərbaycan reallığında bu, mümkün olmayıb...
- Düzdür, tarixə baxanda belədir. Ancaq hər məşqçinin öz futbol fəlsəfəsi var. O, oyunçularına güvənir. Bu sözləri deməklə bizi psixoloji cəhətdən yaxşı hazırlayır ki, hücuma atılıb qol vurmaq lazımdır. Futbolda hər şey olardı. Ancaq bizdə olmadı. Adil müəllimin fikirlərinə hörmətlə yanaşıram.