"Əsas komandada debüt etdiyim üçün sevincliyəm. Göstərdikləri etimada görə bütün məşqçilər korpusuna təşəkkür edirəm. İlk dəfə bu komandada oynamağıma çox şadam". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin gənc futbolçusu Fərid Nəbiyev klubunun rəsmi saytına açıqlamasında bildirib.
Əsas komandada debütü Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunun son dəqiqələrində olan 17 yaşlı yarımmüdafiəçi meydana daxil olanda bir az həyəcanlı olduğunu söyləyib: "Bu da ilk oyunum olması ilə bağlıdır. Amma həyəcanlı olsam da, tam hazır idim. Şans qazanmağım mənim üçün gözlənilməz deyildi. Çünki "18-liy”ə düşən hər bir futbolçu istənilən an meydana çıxmağa hazır olmalıdır. Əlbəttə, meydana daha tez çıxıb, çox oynamaq istəyərdim. Hər oyunçu da istəyir ki, meydanda çox şans qazansın”.
Gənc futbolçu AZAL-la matç haqda da fikirlərini bildirib: "Meydançanın ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bu üzdən oynamaq çətin idi. Həm də yaratdığımız qol imkanlarından istifadə edə bilmirdik. Buna görə də çətin qələbə qazandıq”.
Hazırda U-19 yığmasının heyətində təlim-məşq toplanışında olan Nəbiyev qış fasiləsindən sonra əsas komandada möhkəmlənməyə çalışacağını qeyd edib: "Yanvarın 22-dək yığmanın düşərgəsində olacam. Bu üzdən klubla qış təlim-məşq toplanışına qatıla bilməyəcəm. Amma Qəbələyə qayıdandan sonra çalışıb, üzərimdə işləyəcəm ki, əsas komandada möhkəmlənim. Bu, mənim özümdən asılıdır. Öz üzərimdə daha çox çalışmaqla buna nail ola bilərəm”.