"Serder Serderovun Azərbaycan milli komandasına dəvət olunması haqda məndə məlumat yoxdur. Hər halda, belə bir variant olsaydı, məndə informasiya olardı və bunu açıqlayardım".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının baş inzibatçısı İslam Abbasov deyib. Sofiyanın "Slaviya" klubunda çıxış edən rusiyalı hücumçu Serder Serderovun millimizdən dəvət alması, ancaq bundan imtina etməsi ilə bağlı Rusiya mətbuatına açıqlaması son günlərin əsas müzakirə mövzularındandır. 22 yaşlı futbolçunun sözlərinə görə, bu dəvət Emin Mahmudovla Ramil Şeydayevin Azərbaycan millisinə gəlişindən əvvəl və sonra da olub.
Abbasov isə bildirib ki, Serderova belə bir təklif olmayıb: "Mən futbolçunun yerinə heç nə deyə bilmərəm. Sadəcə, onu bilirəm ki, bizdən futbolçuya müraciət olunursa və ya futbolçu millimizdə oynamaq istəmədiyini bildirirsə, bu haqda rəsmi məlumatımız olur. Bu, elektron müraciətlə və ya AFFA-ya göndərilən məktubla baş verir. Məndə isə belə bir sənəd yoxdur. Təbii ki, əsas millinin baş inzibatçısı olaraq məndə belə bir rəsmi məktub, məlumat olmalıdır. Ola bilər ki, ona aşağı yaş qruplarından ibarət yığmalara dəvət olub. Ancaq əsas yığmadan yox. Olsa deyərəm, niyə gizlədim ki?!"
Abbasov ümumiyyətlə, Serderovu tanımadığını da söyləyib: "Düzü, belə bir futbolçu haqda eşitməmişəm. Siz deyirsiniz, eşidirəm. Azərbaycan millisində bu adam haqda heç bir söhbət olmayıb. Bəlkə kimsə millinin adından onunla danışıb, nə bilmək olar? Özündən soruşmaq lazımdır ki, kiminlə danışıb".
Qeyd edək ki, Serder Serderov Rusiyanın U-15-dən U-21-dək bütün yığmalarında oynayıb.
Mehman SÜLEYMANOV