Ukrayna mətbuatı 2016-cı ilin rəmzi yığmasını müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, tanınan Ua-football.com saytındakı həmkarlarımız bu ilin legionerləri - Ukraynadan kənarda çıxış edən futbolçulardan ibarət "11-liy"i hazırlayıblar.
Həmin komandada Azərbaycandakı təmsilçiləri, dağa doğrusu, "Qəbələ"nin üzvləri var. Bunlar qapıçı Dmitri Bezotosnı ilə müdafiəçi Vitali Vernidubdir.
Digər futbolçular müdafiəçilər Artyom Putivtsev ("Bruk-Bet Termalika" Polşa), Dmitri Çiqrinski (AEK, Yunanıstan), yarımmüdafiəçilər Taras Romançuk ("Yaqelloniya", Polşa), Aleksandr Zinçenko ("Ufa", Rusiya/PSV, Hollandiya), Artyyom Starqorodski ("Şaxtyor", Belarus), Yuri Qabovda ("Dinamo", Belarus), Vladimir Arjanov ("Atırau", Qazaxıstan), hücumçular Yevgeni Konoplyanka ("Sevilya", İspaniya/"Şalke", Almaniya), Artyom Kravetsdir ("Ştutqart", Almaniya/"Qranada", İspaniya).
Komandanın baş məşqçisi isə "Qəbələ"də bu vəzifəni daşıyan Roman Qriqorçuk seçilib. "Qırmızı-qaralar" onun rəhbərliyi altında bu il keçirdiyi 53 oyunda 28 qələbə qazanıb, 10 heç-heçə edib, 25 məğlubiyyət alıb. Bezotosnı həmin 53 oyunun 51-də meydanda olub, 44 qol buraxıb, 22 dəfə qapısını toxunulmaz saxlayıb. Vernodub isə bu il keçirdiyi 35 matçda 2 qol vurub və məhsuldar ötürmə edib.