"Hesabımızdakı 17 xaldan razıyam. Çempionat uzundur və komanda üzləşdiyi problemlərə hazır olmalıdır. Buna görə heyətdə yerdəyişmələr etməliyik ki, uzun səyahətə uyğunlaşaq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubuun baş məşqçisi Migel Leal bildirib.
Onun fikrincə, komandasında ən vacibi olan rəqabətədavamlılığı gücləndirməkdir: "Heyətimiz yaxşıdır. Ancaq biz daha yaxşını istəyirik və gələnlərdən bizə kömək edəcəyini gözləyirik".
Portuqaliyalı mütəxəssis yeni qapıçının - Belçikanın "Muskron" klubundan gələn Vaqner da Silvanın keçidini təsdiqləyib. Ağayevə əsas heyət uğrunda mübarizədə rəqib olacaq braziliyalı qolkiper Portuqaliyada uzun illər "Eştoril" klubunda çıxış edib.
Leal bazar günü keçiriləcək "Viroriya Setubal"la çempionat matçından da danışıb: "Bu, çox yaxşı komandadır. Açığı, baxımlı futbol oynayır, yaxşı ifaçılara malikdir. Mənə elə gəlir ki, bu, oyunu balanslaşdıracaq. Biz əla komanda olaraq aqressiv, dəqiq oynamalı, rəqinin zəif tərəflərindən istifadə etməliyik. Şanslar bərabərdir. Biz rəqibdən qorxmuruq".