"Hesab edirəm ki, sonda düzgün seçim etdik. Bu turnir bizim üçün bəzi futbolçuları iş başında görmək baxımından yaxşı imkandır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Ante Çaçiç bildirib. "Qəbələ"nin futbolçusu Filip Ozobiçi də dəvət etdiyi "China Cup 2017" turniri öncəsi danışan təcrübəli mütəxəssis 18 nəfərlik heyətdə cəmi 2 legionerə yer verib. Bunlar Ozobiçlə yanaşı, Sloveniyanın "Koper" klubunda çıxış edən Toni Datkoviçdir.
Yanvarın 10-dan 17-dək Nannin şəhərində keçiriləcək turnir FİFA-nın təqvim planına daxil olmadığından, klublar futbolçularını buraxmaya bilərdi. Çaçiç "Qəbələ" də daxil olmaqla, yığmaya futbolçularını yollamaqda problem yaratmayan klublara minnətdarlıq edib: "Hər şeydən öncə yığmanın düşərgəsinə futbolçularını buraxdıqlarına görə təşəkkür edirəm. Bir az uyğunsuz vaxt olduğundan bəzi klublar əngəl yarada bilərdi. Bu heyətdə daha çox öz liqamızdakı futbolçular yer alıb. Qış hazırlığında futbolçularının milliyə yollanmasına heç kim razı olmur".
Zaqrebdə bir araya gələn xorvatlar Çinə səfərə hazırlaşır. Turnirdə bu 2 ölkənin millisi ilə yanaşı, Çili və İslandiya yığmaları çıxış edəcəklər. Yanvarın 10-da Çin – İslandiya, ertəsi gün Çili - Xorvatiya matçları baş tutacaq. Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaq. Qaliblər isə ayın 15-də kubokun qalibini müəyyənləşdirəcək.
Çaçiçin fikrincə, Çili millisi Xorvatiya ilə müqayisədə üstünlüyə malikdir: "Onlar bizdən tez yığılaraq artıq bir neçə təlim-məşq tolanışı keçirib. Çili yığmasının turnirdəki heyəti haqda çox şeyi bilmirəm. Ancaq hesab edirəm ki, komanda şəklində yaxşı futbola şahid olacağıq".
Hazırda baş məşqçinin əsas dilemması kapitan sarğısı ilə bağlıdır. Onun sözlərinə görə, seçim ən yaşlı futbolçular olan Yosip Pivariçlə Domaqoy Antoliçin birinin üzərinə ediləcək.