
"Qəbələ" klubunda çıxış edən Filip Ozobiçin Xorvatiya yığmasının heyətində debütü uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi yığma Çində keçirilən "China Cup 2017” turnirində Çili yığmasına məğlub olub.
Start heyətində meydana çıxan yarımmüdafiəçi 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. 4 dəqiqə sonra isə baş məşqçi Ante Çaçiç onu Xorvatiyanın "Hayduk" klubunun üzvü Fran Tudorla əvəzləyib
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Çili 4:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra Çili yanvarın 15-də keçiriləcək finalda İslandiya yığması ilə qarşılaşacaq. İslandlar Çinlə görüşdə 2:0 hesablı qələbə qazanıb. Yanvarın 14-də keçiriləcək 3-cü yer uğrunda görüşdə isə Çin və Xorvatiya komandaları üz-üzə gələcək.