"Neftçi"nin yeni transferi Namiq Ələsgərov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu klub televiziyasına müsahibəsində toplanışın yaxşı keçdiyini bildirib. Onun fikrincə, komandada hər şey yaxşı olsa da, daha çox fiziki hazırlığa üstünlük verildiyindən, məşqlər ağır keçir.
"Neftçi" indiyədək keçirdiyi 3 yoxlama matçından 1 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb. Bununla belə, Ələsgərov Türkiyə "Sivasspor"u (0:0), Özbəkistan "Nasaf"ı (0:1) və Albaniya "Kukesi"sinə (2:4) qarşı pis çıxış etmədiklərini bildirib: "Yaxşı oynadıq. Yorğunluq olduğundan, məşqlər ağır keçir. Bəlkə də bu amilin nəticələrə təsiri oldu. Amma bu, bizim xeyrimizədir. İnanıram ki, çempionatda oyunumuza daha yaxşı təsirini göstərəcək. Mövsümün ikinci yarısınadək tam hazır olarıq".
Ələsgərov qış transferlərindən sonra komandada hər şeyin yaxşılığa doğru dəyişdiyini bildirib: "Yenilərin hər biri yaxşı oyunçulardır. Biz də çempionata tam hazır olmaq üçün çalışırıq. İnanırıq ki, buna nail olacağıq".
Gənc yarımmüdafiəçi keçmiş klubu "Qarabağ"dan da danışıb: "Orada çox yaxşı illərim keçib. İki ilədək çıxış etdiyim "Qarabağ" da mənə doğma olan komandadır. Amma hazırda "Neftçi"nin şərəfini qoruyuram. Bu komanda naminə əlimdən gələni əsirgəməyəcəyəm".
Qeyd edək ki, Namiq Ələsgərov "Neftçi"yə 2016-cı il dekabrın 26-da keçib.