Türkiyənin "Bursaspor" klubu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hamza Hamzaoğlu ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtaran Bursa təmsilçisinin rəhbərliyinin xorvatiyalı mütəxəssislə Bakldakı danışıqları müsbət nəticələnib.
Prosineçki ilə "2,5+1" şərti ilə anlaşma əldə edib. Millimizin baş məşqçisinin qarşıdakı günlərdə Bursaya gələrək rəsmi müqaviləyə imza atacağı bildirilir.
"Bursaspor"un futbol şöbəsinin müdiri Yüksel Çolak Prosineçki ilə danışıqlar üçün paytaxtımıza təşrif buyurub. Klubun vitse-prezidenti Ali Ademoğlu xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını bildirib: "Prezidentimiz Ali Aylə birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarına idarə heyətimiz bir araya gələrək qərarı açıqlayacaq".
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında Prosineçkinin AFFA ilə müqaviləsinin olduğunu ilə millimizin Almaniya ilə rəsmi oyuna hazırlaşdığını söyləyib. Bu qarşılaşma martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Xatırladaq ki, Prosineçki vaxtilə Türkiyə Super Liqasında - "Kayserispor" klubunda baş məşqçi olub. Onun yığmamıza dəvət etdiyi milliləşdirilən türkiyəli hücumçu Deniz Yılmaz "Bursaspor"da çıxış edir.