"İsveçdə futbolçular daha sərbəstdirlər. Bir də burada məşqçilər heç vaxt uşaqlara qışqırmırlar. Ən xoşuma gələn cəhətlərdən biri də budur". Sportnet.az-ın məlumatına görə, bu fikirləri İsveçin "Masthugget" klubunun U-14 komandasının kapitanı Pənah Rüstəmov bildirib.
Bakının "İnter" klubunun yetirməsi olan, ailəsi İsveçə köçdükdən sonra orada çıxış edən 14 yaşlı oyunçu iki ölkənin uşaq futbolu ilə bağlı müqayisə aparıb: "Məni "İnter"də çox danlamırdılar. Amma hərdən elə olurdu ki, uşaq nəyisə səhv edəndə məşqçi hirslənirdi. İndi anlayıram ki, bunu uşaqların daha yaxşı olmaları üçün edirdilər. 5 ilə yaxın Eldar Ağaxanovun yanında futbol oynamışam. Nəyisə səhv edəndə dəfələrlə izah edirdi. Burada isə məşqçilər əsəbiləşmirlər, nəyisə başa salırlar, vəssalam. İsveçdə hər yaş qrupunda 5 divizion var. Bizim komanda 3-cü divizionda çıxış edir, turnir cədvəlində 3-cü yerdəyik. Əslində, burada oynamaq rahatdır. Hücumçuyam, hər oyunda 2-3 qol vururam. "Masthugget"in əsas komandası İsveç çempionatında 3-cü divizionda oynadığı üçün uşaq komandaları da orada çıxış edirlər. Buna baxmayaraq, başqa divizion komandaları ilə də görüşürük. Məsələn, "Göteborq" daha "yuxarı"da çıxış etsə də, onların uşaqları ilə oynamışıq".
Rüstəmov komandasında kapitanı futbolçuların seçdiklərini deyib: "Məşqçilər bu işi öhdəmizə buraxırlar. Kapitan seçəndə uşaqların çoxu mənə səs verdi. Kapitanlıq o deməkdir ki, başqalarına nümunə olmalısan. Mən də həm davranışım, həm də oyunumla buna çalışıram".
Pənah Azərbaycan futbolunu izlədiyini söyləyib: "Əlbəttə ki, bu, belədir. 2-3 il əvvəl "İnter"in "Elfsborq"la oyununa stadiondan baxmışdım. Keçən il "Qarabağ" bura gələndə də atamla stadiona getmişdik. "Qarabağ"a azarkeşlik edirəm. O komandanın oyunu çox xoşuma gəlir. Xaricdə isə "Real"a. Ən böyük arzum "Real"da oynamaqdır. Kumirin Rəşad Sadıqovla Kriştianu Ronaldudur. Rəşad İsveçə gələndə onunla şəkil çəkdirmişdim. Dünyada isə təbii ki, Ronaldu. Gələcəkdə seçim qarşısında qalsam, əlbəttə, Azərbaycan yığmasını seçərəm. Çünki azərbaycanlıyam".
Mənbə: "Het-trik
news" qəzeti