Azərbaycanlı futbol agenti Tural Əsgərovun Sportnet.az-a müsahibəsi
- Boyan İliçin saytımıza müsahibəsində sənin haqda söylədikləri fikirlərlə nə dərəcədə razısan?
- Mən İliçi yaxşı tanımıram. Bilirəm ki, Azərbaycanda da işləyib, bir-iki transfer edib. Adamı istəyən də var, istəməyən də. İliç haqda da kimdənsə soruşsan, biri deyəcək ki, yaxşı oğlandır, ikisi deyəcək ki, pis. Mən bu haqda danışmaq istəmirəm. Sizə maraqlıdırsa, onu deyə bilərəm ki, heç vaxt Reynaldonun agenti olduğumu deməmişəm. Mən Reynaldonun Azərbaycan üzrə təmsilçisi olmuşam. Onun braziliyalı agenti var, soruşsanız, bunu təsdiqləyə bilər.
- Otario Mendeş Duareş...
- Ondan soruşa bilərsiniz ki, niyə İliçlə işləmədiniz, Turalla işlədiniz? İliçin belə danışmasının səbəbini başa düşmədim. Yersiz şeylər danışır. Ona başqa sual verilir, qayıdır Turaldan danışır. Elə danışır ki, sanki Tural AFFA-nın baş katibidir. Deyir ki, Turalkimilər Azərbaycan futbolunu geriyə sürükləyir, yoxsa məhv edir, bu kimi fikirlər var. İliç o adam deyil ki, onun fikrinə reaksiya bildirəsən. Biz agentik, oyunçu təklif edirik. Bəyənəndə götürürlər, bəyənməyəndə yox. Azərbaycan futbolunda elə pullar yoxdur ki, böyük pullara "zibil" oyunçular satırıq. Etdiyim transferlərin siyahısı ilə istədiyiniz vaxt tanış ola bilərsiniz. İçərisində yaxşı futbolçu da var, pisi də. Dünyanın ən böyük agentlərinin təklif etdiyi futbolçular arasında ulduz futbolçu da var, zəifi də. Bir sözlə, İliçin fikirlərində məntiq görmürəm.
- Reynaldonu "Qarabağ"a İliç gətirib. Sonradan futbolçunun Azərbaycandakı təmsilçisinin dəyişməsi normal haldır?
- Təmsilçidən söhbət getmir. Məsələn, Amit Quluzadənin uzun illər meneceri mən olmuşam. Ancaq onunla müqaviləm qurtarıb və futbolçu Yunanıstan klubuna keçib. Bunu yunan agentlə həll edib. Nə olsun? Sabah Amit həmin agentlə işbirliyini davam da edə bilər, etməyə də. Yaxud yenidən mənimlə işləyə bilər. Müqavilə var, imzalayırsan, bunun müddəti olur. Reynaldonun gənc yaşlarından agenti Duareşdir. Bunu düz deyir. "Qarabağ"a transfer olunarkən İliç onlarla əməkdaşlıq edib. Onların razılığı ilə braziliyalı futbolçu Ağdam klubu ilə müqaviləyə imza atıb. Amma həmin imzalanmadan sonra onlar arasında ciddi narazılıq baş verib. Bunu demək istəmirəm, İliçin tayı deyiləm. Onun dedikləri mənə təəccüblü gəlsə də, bilirəm ki, uydurma deyil. Ortada həmin braziliyalı agent var, hər ikimiz onun adını çəkirik. Duareş deyə bilər ki, biz niyə İliçlə yox, Turalla işlədik. O deyəcək ki, dələduz kimdir.
- Reynaldonun Azərbaycanda nə vaxtdan təmsilçisisən?
- "Qarabağ"la müqaviləsinin 1,5 ili bitəndən sonra Reynaldonun anlaşmasının müddəti artırıldı. O, kluba 2013-cü ilin qışında gəlmişdi. Həmin ilin sonunda Reynaldonun Azərbaycanda təmsilçisi oldum. Onlarla danışaraq, öz istəkləri ilə bu hüququ əldə etmişəm. Reynaldonun Avropa üzrə də agenti var. Çünki Duareş ingiliscə heç bilmir. Buna görə futbolçunu "Anderlext"ə Cerard Vitters adlı agent transfer edib. Bu iki agent Reynaldo üçün eynidir. Otario onsuz heç bir danışığa getmir. Mən deməmişəm ki, Reynaldonun "Adanaspor"a keçidi ilə özüm məşğul olmuşam. İkincisi də, İliç nə bilir ki, mən məşğul oluram, yoxsa başqası. Onu Reynaldonun həndəvərinə buraxmırlar. Bu da özünün etdiklərinə görədir. Mən İliçi Otario ilə dalaşdırmamışam. Otario ilə tanış olduğum vaxt o, İliçin adı gələndə "tövbə, tövbə" deyirdi. Boyanın dedikləri ucuz variantdır. Mənim ən zəhləm getdiyim şeydir ki, kişi kişinin arxasınca danışır. Özü də əsassız. Elə sözlər deyib ki, bəlkə oxuyanlardan 3-4-ü buna inanar.
- İliç "Məni Reynaldo və onun agenti artıq maraqlandırmır" sözlərini də deyib...
- Necə maraqlandırmır ki, yaxında braziliyalının Türkiyənin "Gənclərbirliyi" klubuna mümkün keçidi ilə bağlı "Qarabağ"dan sənəd alıb? Mən bu haqda məlumatlandım. İliç Reynaldonun Türkiyə klubuna transferinə nail olmağa çalışıb, ancaq alınmayıb. Reynaldo onu maraqlandırmırdısa, niyə transferə çalışırdı? İndi görəndə ki, "Adanaspor"a keçidi baş tutur, görünür, ya paxıllıqdan, ya da qısqanclıqdan belə fikirlər səsləndirir. Yaxud deyir ki, Azərbaycan transfer bazarı demək olar ölü vəziyyətdədir. Vaxtilə Azərbaycana gətirdiyin futbolçulara görə yaxşı pullar qazanmısan. Burada belə gözəl günlər keçirmisənsə, ölkəmizə böyük hörmətin varsa, niyə azərbaycanlı hansısa futbolçunu Avropaya, Serbiyaya aparmırsan? Əvəzində 19 yaşlı sloveniyalı müdafiəçini "Derbi Kaunti"yə transfer etdiyini vurğulayırsan.
Mehman SÜLEYMANOV