"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun Sportnet.az-a müsahibəsi
- Bu gün keçirilən Müşahidə Şurasının iclası necə keçdi?
- Gözəl bir iclas oldu. Baş məşqçimiz Elxan Abdullayev, klubun icraçı direktoru Orxan Hüseynzadə, onun müavini iştirak edirdi.
- Bəs Müşahidə Şurasının sədri Çingiz Abdullayev?
- Əlbəttə, iclas Çingiz müəllimin sədriliyi altında keçirilirdi. Müşahidə Şurasının üzvlərindən yalnız Zaur Qəhrəmanov iştirak etmirdi. Türkiyədə olan Zaur müəllim "Skype"la bizimlə əlaqədə idi. Elxan müəllim yeni futbolçuların hamısı geniş şəkildə təqdim etdi, lazımı məlumatlar verdi. Seleksiya çox xoşuma gəldi. Bacarıqlı futbolçulardır. Əvvəlki tranfserlərə baxanda, bunları bəyəndim. Görək oyunları necə olacaq.
- Əsas hansı cəhətləri xoşunuza gəldi?
- Onlar haqda mətbuatdan izləmişəm. Oyunlarını da izləmişəm. Üçü millidə çıxış edir. Ruslan Abışovla Namiq Ələsgərov Azərbaycan, Georgi Navalovski Gürcüstan yığmasının üzvüdür. Yəqin ki, pis futbolçu olmazlar. Ruslanla Namiqin gəlməyi komandamıza bir az da təkan verəcək.
- Yeni futbolçular da iclasa qatılmışdı?
- Yox, məşqdən sonra qısa müddətə istirahətə buraxılıblar. Yanvarın 29-da "Qarabağ"la matçımız var. Bizi ağır oyun gözləyir. Hamısını meydanda iş başında görəcəyik. Mənə elə gəlir ki, yaxşı futbolçulardır.
- Elxan Abdullayevlə rəhbərlik bu mövsüm üçün nə söz verdi?
- Söz verdilər ki, yeni futbolçuları biz gətirmişik, biz də cavabdehik. Onlar özlərinə inanırlar. Elxan Abdullayev elə-belə mütəxəssis deyil, millimizin məşqçisidir. Transferləri inanıb gətiriblər.
- Sizcə, hazırkı "Neftçi" cari mövsümdə nəyə nail ola bilər?
- Bizim ilk hədəfimiz ölkə kubokudur. Buradan avrokuboklara yaxınıq. Azərbaycan Kubokunu qazanmaq üçün mübarizə aparacağıq. Abdullayev dedi ki, çempionatda da iddiamız var və avrokuboklara vəsiqə verən 4-cü yerədək gəlib çıxacağıq.
- Onu da nəzərə alın ki, ölkə kubokunun yarımfinalında rəqibiniz çox güclüdür, turnirdə son 2 mövsümün qalibi olan "Qarabağ"dır...
- Bəli, ancaq biz də ciddi futbolçular yığmışıq. Sonadək vuruşacağıq.
- Belə qənaətə gəldim ki, hazırkı heyətlə bağlı çox nikbinsiniz. Halbuki, əvvəlki legionerlərlə bağlı narazılığınızı deməkdən çəkinmirdiniz...
- Mən ümid edirəm ki, yeni transferlərdən sonra bu mövsüm nəticə olacaq. Abdullayevlə Hüseynzadənin gətirdiyi futbolçulardan sonra bir qədər ümidləndim. Onlar "Neftçi"nin adını qaytara bilərlər.
Mehman SÜLEYMANOV