"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dini Ndlovu Azərbaycan Premyer Liqasında "Neftçi" ilə 1:1 hesabı ilə nəticələnən oyundan sonra brifinq keçirib. Hücumçu Sportnet.az-ın matçda olan əməkdaşının suallarını da cavablandırıb...
- Turnir cədvəlinin aşağı pillələrində olan "Neftçi"yə qalib gələ bilmədiniz...
- Deyə bilərəm ki, 2 xalı biz itirdik. Çünki evdə oynayırdıq. Ancaq digər tərəfdən, "Qarabağ" - "Neftçi" oyunu Azərbaycan futbolunda derbi sayılacaq qədər əhəmiyyətli bir matçdır. Bundan sonra diqqətimizi qarşıdakı matçlara yönəldəcəyik.
- Bu mövsüm uğursuz çıxış edən "Neftçi"dən belə oyun gözləyirdiniz?
- Mənə görə "Neftçi" həmişə "Neftçi"dir. Gələn yeni futbolçularla yeni komanda qururlar. Buna görə yaxşı motivasiyaları var. Onların hədəfi yaxşı oyun göstərib çempionatda daha yaxşı yerə gəlməkdir.
- Penalti epizodu ilə bağlı mübahisə yarandı. Siz də epizoda yaxın idiniz...
- Bu, mənim yox, hakimin işidir. Mən bura sadəcə, futbol oynamağa gəlmişəm. Qərarı hakim verir.
- "Qarabağ" vaxtilə "İnter"lə oyunda səhv penaltini baş məşqçi Qurban Qurbanovun qərarı ilə kənara vurdu. Bu dəfə Rəşad Sadıqov sanki xəbər gözləyirdi. Penalti zərbəsi kənara vurulsaydı, bununla razılaşardınmı? Məğlub durumda olaraq, belə hərəkət etmək olardımı?
- Dediyimiz epizod tarixdə qalıb. Ancaq siz məndən olmamış epizod haqda soruşursunuz. Mən isə olmayan şey haqda danışa bilmərəm.
- Reynaldonun gedişindən sonra hücumda əsas yük sizin üzərinizə düşür. Bu yükü çəkməyə hazırsanmı?
- "Qarabağ" böyük bir komandadır. Bura daim yeni futbolçular gəlir, gedənlər olur. Dəvət olunan futbolçularda daim yaxşı keyfiyyət axtarılır. Yəqin ki, məndə bu keyfiyyətləri gördüklərindən bura çağırıblar. Mən də etimadı doğrultmağa çalışıram.